Regionda şərtləri güclü Azərbaycan diqtə edir
1 Mart 2024 16:34 SiyasətErmənistan öz gələcəyini düşünürsə, yeni reallıqları qəbul etməlidir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Əslində ölkə başçısı bununla da bir daha sübut etdi ki, bu illər ərzində o hər zaman Xocalı şəhidlərini düşünüb, ürəyi xocalılarla bir döyünüb. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atan rəsmi Ermənistan ötən müddət ərzində yenə də öz ampuluasında qalaraq götürdüyü öhdəliklərə sadiq qalmadı, onları yerinə yetirməməklə bərabər yenidən revanşist planlar qurmağa və müəyyən cəhdlər etməyə başladı. Belə olan təqdirdə Azərbaycan Ordusu ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirərək preventiv addımlarla erməni separatizminin kökünü tamamilə məhv etdi, nəticədə separatçı xunta rejimi özünü buraxdığını elan etdi. Xocalı da daxil olmaqla separatçıların nəzarəti altında olan digər şəhərlərimiz də azad edildi, qanunsuz erməni silahlı birləşmələrindən tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın öz gücü sayəsində ərazi bütövlüyünü tam təmin etdi:
"Prezidentliyinin 20 ilinin tamamında, 2023-cü ilin 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını qaldıran, Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. "Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik". Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük quruculuq işləri aparılır. Yaxın aylarda Xocalı sakinləri ata-baba ocaqlarına qayıdıb məskunlaşmaya başlanacaq. Bununlada Xocalı sakinlərinin öz doğma evlərinə qayıdışı təmin ediləcək. Lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Qeyd edə bilərik ki, bu gün artıq soyqırım qurbanlarının narahat ruhları şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir".
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermis 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda üçrəngli bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini xalqımıza yaşatdı: "Hazırda Xocalıda bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapa bilər. İlk dəfə olaraq bu soyqırımının növbəti - 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlumdur ki, hazırda Xocalı şəhərində sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşdəki çıxışında verdiyi mesajlardan bir daha aydın olur ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xocalının da tarixində yeni dönəm başlayır. Bu yerlərin əsl sahibləri qayıdıblar. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Xocalıya da böyük köçün başlayacağı gün uzaqda deyil. Rəsmi məlumatlara əsasən, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir. Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda, biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da Xocalı sakinləri üçün yenidən qurulur. Bundan başqa, hazırda 18 hektar ərazidə "fin evləri" adlanan sahədə 92 kottec tipli evlər yenidən qurulur ki, burada da təmir işləri başa çatmaq üzrədir. Həmçinin Xocalı şəhərində 167 hektar ərazidə 113 evin bərpasına başlanıb. Böyük Qayıdış Proqramının uğurla icra edilməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev "Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb".
Onun sözlərinə görə, Cənab Prezident Xocalı ictimaiyyəti ilə görüşündə Ermənistana növbəti mesajlarını verdi: "Ermənistan tez bir zamanda özünün davranışlarına diqqət yetirməsə, səmimi şəkildə Azərbaycanın şərtlərini qəbul etməsə, yeni iddialarla özünün vəziyyətini daha da qəlizləşdirir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq: "Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir". Beləliklə, regionda şərtləri güclü Azərbaycan diqtə edir. Ona görə də, Ermənistan öz gələcəyini düşünürsə, yeni reallıqları qəbul etməlidir.
Nurlan