Moldova Rusiya vətəndaşlarının yalnız Rusiya səfirliyində səsverməsinə icazə verəcək - ÖZƏL

Moldova hökuməti gələn ay Rusiyada keçiriləcək prezident seçkilərində səsvermənin yalnız Rusiya səfirliyinin binasında təşkilinə icazə verib, 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov bildirib.
"Fevralın 7-də Moldova Xarici İşlər Nazirliyi səfirliyin binasında səsvermənin keçirilməsinə icazə verilməsi ilə bağlı siyasi qərar barədə bizə məlumat verdi" - o, deyib.
Vasnetsov əlavə edib ki, Moldova nazirliyi Dnestryanı bölgədə seçki məntəqələrinin açılmasının qəbuledilməz olduğunu bildirib.
Səfir qeyd edib ki, diplomatik nümayəndəliyin Moldovada daimi yaşayan Rusiya vətəndaşları üçün Rusiya prezidenti seçkilərində səsverməni təşkil etmək niyyəti barədə Moldova hakimiyyəti hələ üç ay əvvəl məlumatlandırılıb. 

"Biz beynəlxalq təcrübədə adət olduğu kimi, seçki məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi üçün müraciət etmişik. Bu, Rusiyada səsvermənin təşkili zamanı həm Kişinyovdakı səfirliyimiz, həm də Moldova diplomatik missiyası tərəfindən tətbiq edilən müntəzəm prosedurdur", - səfir vurğulayıb.
Federasiya Şurası 2024-cü il martın 17-ni Rusiyada prezident seçkiləri tarixi kimi təyin edib. Daha sonra Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin üç günlük müddət ərzində martın 15-17-də keçirilməsinə qərar verib və bu seçki Rusiyada ilk üç günlük prezident seçkisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31