Biz Cənubi Qafqazın lideriyik-Kazım Kazımov- ÖZƏL

"Öncəliklə, seçkilər bütün xalqımız, millətimiz üçün xeyirli olsun. Cənab Prezidenti seçilməsi münasibətilə bura vasitəsilə bir daha təbrik edirəm. İnşallah, Azərbaycan bundan sonra da qələbələrinə qələbə qatacaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov qeyd edib:

"Bu yenilənmiş seçkilərlə daha güclü Azərbaycan da formalaşacaq deyə ümid edirəm. Digər tərəfdən seçkilərə baxdığımızda əhalinin yüksək fəallığını gördük və xalq həqiqətən bu seçkilərdə fəal iştirak etdi, cənab İlham Əliyevə dəstəyini birmənalı olaraq ifadə etdi. Bu seçkilər əslində Azərbaycan tarixində yeni bir səhifə açdı da deyə bilərik. Çünki, Azərbaycan təəssüflər olsun ki, 1918-ci ildə, hətta onun əvvəllərində 1905,1906-cı il rus inqilabı deyə biləcəyimiz dövrdə Azərbaycan çar Rusiyasının əsarəti altında olduğu dönəmlərdə yaranan boşluqdan erməni quldur dəstələri istifadə etmiş, azərbaycanlılara qarşı ilk soyqırımları törətmişlərdir. 1905-ci ildən bu yana kimi gələn Qarabağ problemi olmuşdur. Biz Qarabağ problemi səbəbilə onminlərlə vətəndaşımızı itirmişik, milyonlarla vətəndaşımız öz yurd-yuvasından didərgin düşmüş, Azərbaycan milyardlarla pul xərcləmişdir. Hər dəf yenilənən və pis miras kimi nəsildən nəsilə qalan bir problemlə qarşı-qarşıya qalmışdıq. Lakin bu gün Azərbaycan bu problemi həll etdi. Bu gün Azərbaycan ərazilərinə tamamilə özü nəzarət edir, suveren bir respublikadır. Təbii ki, burada da cənab Prezidentin, ordumuzun və xalqımızın birlikdə hərəkət etməsi dayanır. Azərbaycandakı hakimiyyət, xalq, ordu birliyindən Qərb dövlətləri, xüsusilə Fransa, ABŞ-dəki erməni lobbisi, AŞPA-daki antiazərbaycan qüvvələri möhkəm narahatdırlar. Çünki, onlar həmişə Cənubi Qafqazı özlərindən asılı görməyə çalışmışlar. İstəyirdilər ki, Cənubu Qafqaz vaxtilə digər ölkələrdən asılı olduğu kimi sonra da Avropadan asılı olsun. Ermənistan-Azərbaycan arasındakı bu Qarabağ problemindən istifadə edərək Azərbaycanı da təsir altında saxlasınlar, öz fikirlərini diktə etsinlər. Lakin bu heç bir zaman olmadı, birincisi, həm mərhum Ümummilli Lider Heydər Əliyevin dövründə, həm cənab Prezidentin hakimiyyəti dövründə Azərbaycan hər zaman Qərb və Şərqlə alternativ və balanslı siyasəti qoruyub saxlamışdır. Özəlliklə 2020-ci ildən bu yana Azərbaycanın qəti qələbəsindən sonra Azərbaycan regionda çox daha güclü oyunçuya çevrildi. Bu gün biz şübhəsiz deyə bilərik ki, Cənubi Qafqazın lideriyik. Ancaq təəssüflər olsun ki, onlar bu reallığı qəbul etmək istəmirlər. Onlar üçün Cənubi Qafqazın lideri olmamalıdır, onlar üçün Cənubi Qafqazda vassal olmalıdır. Lakin bu dövr olmayıb və bundan sonra da olmayacaq. Yaxşı olar ki, ermənipərəst lobbilər, antiazərbaycançı qüvvələr də bunu yaxından görsünlər. Azərbaycandakı seçki mühitini öz əllərində siyasi rıçaq olaraq istifadə etməyə çalışmasınlar. Açıq demək lazımdırsa, onların səsləndirəcəyi bəyanatlar, ifadə edəcəyi fikirlər də Azərbaycan xalqı üçün boş hay-küydən başqa bir şey deyil. Bu Azərbaycanın bu gün yürütdüyü siyasətdə də dəyişikliyə səbəb olmayacaqdır. Çünki, bizdə hakimiyyətin mənbəyi xalqdır və xalq cənab İlham Əliyevi seçmişdir və buna görə də biz ordan gələn hay-küyləri çox da ciddiyə almamalıyıq. Onsuz da hər şey gün kimi ortadadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31