Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq - Kamboca parlamentinin üzvü
8 Fevral 2024 16:09 SiyasətSeçkilər azad, şəffaf şəkildə keçirilib. Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq.
Olaylar.az xəbər verir ki, bu sözləri növbədənkənar prezident seçkiləri ilə bağlı monitorinqin nəticələrini açıqlayan Kamboca parlamentinin nümayəndə heyətinin üzvü, deputat Mosine Sos deyib.
O bildirib ki, seçkilərin təşkilində müasir texnologiyalardan geniş şəkildə istifadə edilməsi təqdirəlayiqdir.
"Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Baş çəkdiyimiz məntəqələrdə seçki və seçicilər üçün bütün lazımi şərait yaradılmışdı. Eyni zamanda, şəffaf proses təmin edilmişdi və bu prosesi tam izləyə bildik. Səslərin sayılması beynəlxalq standartlara uyğun keçirildi. Bütövlükdə səsvermə prosesinin sakit şəraitdə keçdiyini müşahidə etdik. seçkilərlə bağlı Azərbaycan hökumətini və xalqını təbrik edirik", - deyə Mosine So qeyd edib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.