Bu gün Azərbaycan müstəqil siyasi oyunçudur-Tural İsmayılov- ÖZƏL
8 Fevral 2024 15:18 Siyasət"Əlbəttə ki, cənab İlham Əliyevin bu qələbəsi müstəsna əhəmiyyətə malikdir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki, bu gün Azərbaycan tarixi bir dövrdə növbədənkənar prezident seçkilərini keçirdi. Ölkəmizin yurisdiksiyasının bərpa olunduğu bütün suveren ərazilərimizdə belə bir möhtəşəm seçki prosesi başa çatdı. Nəzərə almaq lazımdır ki, həm fəslin çətinliyinə baxmayaraq, eyni zamanda 2024-cü ilin qlobal seçki marafonları ili kimi xarakterizə edildiyi bir dövrdə, hamının diqqətinin özəlliklə qazandığı qələbədən sonra üzərinə cəmləşdiyi Azərbaycanın dünya ölkələrinə örnək olan, mükəmməl səviyyədə, seçici aktivliyi ilə seçilən bir seçki həyata keçirməyi xüsusi diqqətə layiq bir hadisə idi. Elə ona görə də bizim ölkəmizə olan diqqət və maraq özünü seçki günü ilk dəqiqələrdən göstərdi. "Exit-poll"un ilkin nəticələri zamanı bir daha aydın oldu ki, İlham Əliyevin reytinqi və aldığı səs digər namizədlərdən bir xeyli öndədir. Təbii ki, namizədlərin bir çoxu fərqində idi ki, Xankəndiyə Azərbaycan bayrağını sancan, çətin geopolitik situasiyada bu qədər böyük qələbələr qazanan İlham Əliyevlə rəqabət aparmaq çətin bir məsələdir. Hər halda bu seçkidəki demokratiyadan istifadə edən bütün namizədlər və onların səlahiyyətli nümayəndələri də cəmiyyətdə daha geniş təmasa keçdi və ideyalarını insanlara təqdim etdi. Azərbaycan əlbəttə ki, regional, coğrafi konturlar baxımından, həm geostrateji mövqe baxımından Azərbaycanın çox yaxşı mövqeləri var və bu mövqelər də beynəlxalq birlik tərəfindən daim dəyərləndirilir.
Artıq Azərbaycanda yeni bir dövr başlayır. 7 fevraldan sonrakı Azərbaycan sosial, iqtisadi, siyasi və hər bir mənada beynəlxalq münasibətlər sistemində özünə uyğun yeri olan, öz addımları ilə seçilən Azərbaycan olacaq. Artıq ölkəmizin bu sahədə demək olar ki, beynəlxalq sistemdəki mövqeləri daha da güclənir. Ona görə də ölkəmizə qarşı AŞPA və Avropa Parlamenti korrupsioner və təhdidkar təşkilatlarda dırnaqarası təzyiqlər çoxalır, amma Azərbaycan müstəqil siyasi oyunçudur. Bu gün Azərbaycan böyük güc mərkəzidir. Bu gün Azərbaycan xalqı Azərbaycan prezidentinin yanında tək yumruq kimi birləşdi və 7 fevral seçkiləri ilə ölkəmizi istəməyən qüvvələrə qarşı növbəti dəfə öz mövqeyini, öz duruşunu ifadə etdi".