7 fevral-yeni tarixi mərhələnin başlanğıcı

Fevralın 7-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Bu seçkinin əhəmiyyətini artıran məsələlərdən biri də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilərin keçirilməsi idi. Beləliklə növbədənkənar prezident seçkisi müstəqillik tarixinin ən möhtəşəm səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Qalib Xalq, Qalib Liderini yenidən özünə Rəhbər seçməklə, vəfa borcunu yerinə yetirdi. Xalq, növbəti yeddi il üçün dövlətini, gələcəyini sınanmış güclü Liderə həvalə etdi. Sabitliyə, inkişafa, əmin-amanlığa, təhlükəsiz həyata səs verdi. Millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq, seçkilər keçiriləcək və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək: "Həqiqətən də, hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidiyik. Heç şübhəsiz ki, bu qələbədə xalqımızın birliyi, qəhrəman Vətən övladlarının şücaəti böyük rol oynadı. Ancaq ən böyük rolu Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı. 90-cı illərin əvvəllərində də Azərbaycan xalqı torpaqların işğalının qarşısını almaq üçün ciddi mübarizə apardı. Ancaq həmin dövrdə ölkəyə rəhbərlik edə biləcək, ordunu irəli apara biləcək güclü lider yox idi. Əvvəllər də dəfələrlə dediyim kimi, həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsə, bəlkə də, bu gün Azərbaycan yox idi, Xalqımız müstəqilliyini növbəti dəfə də itirmişdi. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan vətəndaş müharibəsindən, parçalanmaqdan, növbəti dəfə müstəqilliyini itirməkdən xilas oldu və yeni mərhələyə qədəm qoydu.  Bu gün ki, uğurlarımızın təməlində məhz həmin siyasət durur". Onun sözlərinə hörə,  Prezident İlham Əliyevin prezidentlik dövrünə gəldikdə isə heç şübhəsiz ki, bu dövrdə də Azərbaycan böyük inkişaf yolu keçdi: "İnanmıram ki, Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilərdi. Son prezident seçkiləri ilə Azərbaycan olduqca mühüm mərhələyə daxil olub. Reallıq ondan ibarətdir ki, Ermənistan işğalla barışmayıb və yenidən müharibəyə hazırlaşır. Bu mərhələnin nə qədər həssas olduğunu göstərən məqamlardan biri də budur. Bu gün dünyamız barıt çəlləyinə bənzəyir. Dünyanın əksər ölkələrində qarşıdurma və müharibələr davam edir. Bu il olduqca çətin il olacaq. Bəzi dövlətlər ərazilərini və müstəqilliyini itirəcək. Bizə gəldikdə isə, görünən odur ki, qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Qarşıda çox ciddi hədəf və məqsədlər durur. Hazırkı həssas mərhələdə hər birimizin üzərinə çox mühüm vəzifələr düşür. Hamımız bu məsuliyyəti dərk etməli, güclü, müstəqil Azərbaycan naminə üzərimizə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirməliyik".

Milli Məclisin üzvü Elman Nəsirov qeyd edib ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu titanik zəhmətin sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam, qəti və əbədi təmin edilmişdir. Tarixi ədalət bərpa edilmiş, erməni separatizminə ölümcül zərbə endirilmişdir. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət kursu dayanır: "Xalqımız yekdilliklə həmin siyasətin bundan sonra da davam etdirilməsi xəttini dəstəkləyir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq dekabrın 7-də imzaladığı Sərəncamla  2024-cü il 7 fevral tarixinə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin etmişdir. Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməmişdir. Seçkilər həmişə 80% ərazilərimizdə keçirilmiş, erməni işğalı altında olan 20% ərazilərimiz  bu prosesdən kənarda qalmışdır. 2020-ci ilin sentyabr-noyabr ayrlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən və 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam və qəti təmin etdikdən sonra yeni tarixi reallıq yaranmışdır. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100 % təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Başqa sözlə, növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edib".

Millət vəkili Sahib Alıyev qeyd edib ki, Azərbacan xalqı özünə təkcə Böyük seçmədi, həm də Böyüklüyünü göstərdi: "Yırtıcı güclər 7 fevral seçkisindən yəqin ki, gərəkən nəticəni çıxaracalqar. Nəhayət anlayacaqlar ki, Lideri kimi bu xalqa da istəklərini diqtə etmək, "miatsum"çuları öz qanadları altında təzədən Qarabağa yeritmək mümkünsüzdür. Bu gün uzun növbələrdə dayanılıb verilən səslər elə həm də o məkrli plan quranlara göstərilən dirsək, vurulan sillə idi. Gənclərimizə  yüksək yetkinlik sərgilədiklərinə görə ayrıca təşəkkür düşür. Hər yerdə onlardan öz dövlətlərinə qarşı "piyada" kimi faydalanan rəngli inqilab və idarəolunan xaos istehsalçıları bizimkilərin timsalında yenə də Əsgər gördülər. Bu həmən Əsgər idi- Müzəffər Ali Baş Komandanlarının rəhbərliyi altında tarixin millətimizin əleyhinə işləyən neçə yüz illik gərdişini dəyişməyi bacaran Əsgər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31