Biz bundan sonrakı mərhələdə sabitlik və inkişaf yolunda davam edəcəyik - ÖZƏL
8 Fevral 2024 14:02 Siyasət"Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, seçkilərin təşkili, eyni zamanda, təşviqat kampaniyası üçün yaradılan şərait ideal idi. Yəni o baxımdan ki, nə namizədlər və onların tərəfdarları, nə iddia edən şəxslər, nə də ümumilikdə prosesə bu və ya digər şəkildə dəxli olan heç kim o dövrdə hər hansı şikayət etmədi".
Bu sözləri Oaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Qalırdı əsas və sonuncu məsələ, yəni səsvermə günü - fevralın 7-si, həmin gün də, şəxsən mən özüm də müşahidə etmişəm və çoxsaylı müşahidələri də dinləmişik, eşitmişik, eyni zamanda, xeyli sayda beynəlxalq müşahidəçi missiyasının hesabatlarını da nəzərdən keçirmişik və şəxsi qənaətimizlə o missiyaların qənaəti üst-üstə düşür. Seçki kifayət qədər şəffaf, ədalətli və hər bir seçicinin öz iradəsini azad ifadə edə bildiyi şəraitdə keçdi. Yəni, heç bir seçicinin öz iradəsini azad ifadə etməsinə hər hansı bir əngəl olmayıb. Eyni zamanda, səsvermənin nəticələrinə təsir edəcək hər hansı ciddi pozuntu qeydə alınmayıb. Mətbuatla bağlı ilk saatlarda bəzi anlaşılmazlıqlar olub. Onu da müvafiq qurumlar, o cümlədən də Mətbuat Şurası vaxtında həll edib, məsələ tam olaraq aradan qaldırılıb. Yəni ümumi götürəndə seçki kifayət qədər ədalətli keçirilib və nəticə etibarilə Azərbaycan xalqı hazırkı prezident İlham Əliyevə növbəti dəfə etimad göstərib. Artıq bunu şübhələndirəcək bir faktor belə yoxdur. Eyni zamanda onu da qeyd edək ki, səsvermə başa çatandan, ilkin nəticələr bəlli olandan sonra bir çox ölkələrin prezidentləri, baş nazirləri, nüfuzlu şəxslər, özəlliklə də türk dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevə zəng etdilər, təbrik göndərdilər və onu bu möhtəşəm qələbə münasibətilə təbrik etdilər. Bunun özü bir daha göstərir ki, Azərbaycandakı seçkiyə çox böyük maraq olub və bu gün də var və əlbəttə ki, belə bir seçki keçirilməsi şəxsən məni bir vətəndaş olaraq sevindirir. Yəni biz bundan sonrakı mərhələdə də sabitlik və inkişaf yolunda davam edəcəyik. İlham Əliyev də artıq seçilmiş prezident olaraq bu sabitliyin və inkişafın təminatçısıdır, məhz ona görə də ona səs vermişik".