Xalq hər zaman hər şeyi düz qiymətləndirir-Vüqar Əhmədov- ÖZƏL
8 Fevral 2024 13:48 Siyasət"Bu dəfəki Prezident seçkiləri sözün əsl mənasında çox maraqlı və möhtəşəm keçdi, xoşbəxtlikdən hava da çox xoş idi, insanlar da açıq havada daha çox vaxt keçirirdilər, əhvalları müsbət idi, yollarda, küçələrdə çoxlu insana rast gəlmək olurdu, insanlar məntəqələrə gedib bu möhtəşəm qələbədə öz payının olması üçün səs verirdilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Əslində bunlar demokratiya, xalqın öz Liderinə sədaqəti və vəfa borcudur. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev bütün bu qələbə hisslərini öz xalqı ilə birgə yaşadi. Mən düşünürəm ki, dünən yaşananlar seçkidən daha üstün olan, xalqımızın öz liderinə, liderimizin də xalqına olan inamının təcəssümü idi. Bununla yanaşı seçki prosesi də çox şəffaf və demokratik keçdi. Həm də bu bizim ölkə üçün gələcəkdə digər seçkilər, parlament və bələdiyyə seçkilərini daha təkmil keçirməyimiz üçün müsbət təcrübədir. İşğaldan azad olunmuş bölgələrdə seçki prosesini izləmək isə tamam ayrı hisslərdir, əslində biz bunu vaxtı ilə heç xəyal belə etmirdik. Bir sözlə, dünən keçirilən seçkilər xalqımızın öz Liderinə olan təşəkkürünün bir ifadəsi və bütövləşən Azərbaycanın sükanının etibarlı əllərdə qalmasına verilən dəstək idi. Xalq hər zaman hər şeyi düz qiymətləndirir və yaxşı anlayır ki, indiki mürəkkəb dünya düzənində dovlətin İlham Əliyev kimi müdrik və uzaqgörən Liderə ehtiyacı var. Ölkəmizə bundan sonra da əmin -amanlıq və firavanlıq gərəkir və Cənab Prezident də dövlətimizi davamlı islahatlar yolu ilə apararaq bunu təmin edir".