Artıq mühim bir mərhələ başa çatdı - Əli Mustafa - ÖZƏL
8 Fevral 2024 13:51 Siyasət"7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçki qabağı mühit, qısa müddətdə, yəni 2 ay ərzində yaradıldı. Seçki qabağı vəziyyətlə bağlı fərqli qiymətləndirmələr oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bir çox beynəlxalq təşkilatların, qurumların müşahidəçiləri seçki prosesində iştirak etdi və seçicilərin yüksək fəallığını müşahidə etdi. İnsanlar seçkiyə gəldi və iştirak etdilər. Artıq rəsmi nəticələr bəllidir. İlham Əliyev seçkilərdə qalib gəlib. Təbii ki, bu məsələ ilə bağlı fərqli siyasətçilərin fərqli qiymətləndirmələri var. Seçkilərin obyektiv və qanuna uyğun keçdiyini söyləyən və buna etiraz edənlər də var. Ümumiyyətlə ölkədə insan hüquqları və azadlığı ilə bağlı məsələlərə münasibət bildirənlər də var. Mən hesab edirəm ki, artıq mühüm bir mərhələ başa çatdı. Məncə, bu Prezident seçkiləri yeni bir dönəmin başlanğıcı ola bilər və olmalıdır. Əslində bu seçki ilə Qarabağ qələbəsinə Azərbaycan xalqı öz münasibətini bildirdi. Xalq sanki öz vəfa borcunu yerinə yetirdi. Bu həm də bir etimad və eyni zamanda öhdəlikdir. Cəmiyyətdə seçkiyə qatılan insanlar, vətəndaşlar dövlət başçısını seçməklə, Prezidentə etimad göstərməklə həm də Azərbaycan dövlətinin yenilənməsi, yeni dünya düzəninə uyğunlaşması, eyni zamanda ölkədə bir çox mühim islahatların başlanmasına öz münasibətlərini bildirdilər. Düşünürəm ki, artıq Azərbaycan yeni bir mərhələyə başlamalıdır. Bu mərhələdə islahatlar, dövlət quruculuğu istiqamətində çox mühim işlər həyata keçirilməlidir. Bələdiyyələrin səlahiyyətinin artırılması ilə bağlı qanunlar qəbul edilməlidir. Azərbaycanda inzibati ərazi bölgülərinin yenilənməsi ilə bağlı islahatlar olmalıdır. Bölgələrdə regionların inkişafı ilə bağlı əhalinin iş yerləri ilə təmin olunması, sosial layihələrin genişlənməsi ilə bağlı mütləq addımlar atılmalıdır və yeni parlament seçkiləri keçirilməlidir. Təbii ki, ilk növbədə hökümət yenilənməlidir. Yeni, peşəkar, dürüst, işgüzar dövlət formalaşmalıdır ki, Azərbaycanda nəhayət həm iqtisadi, həm sosial, həm siyasi sahədə olan bütün islahatlar öz təsirini göstərsin və Azərbaycanda dövlət quruculuğu başlansın. Azərbaycan dövləti formalaşsın, yenilənsin. Düşünürəm ki, bizi qarşıda xalqın maraqlarına cavab verən dövlət quruculuğu prosesi gözləyir".