İlham Əliyev Azərbaycanın seçilmiş ilk prezidenti hesab edilə bilər - ÖZƏL
8 Fevral 2024 13:47 Siyasət"7 fevral özəllikləri ilə tariximizdə qalan bir seçki olacaq. Onun əvvəlki seçkilərlə müqayisədə daha artıq sayda özəllikləri, xüsusiyyətləri var. Elə bu seçkini bütün müstəqillik tariximizdəki seçkilərdən fərqləndirən də məhz bu özəllikləridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"İlk növbədə onu deyək ki, ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərqərar olunduğu bir şəraitdə keçirilməsi bu seçkinin ən böyük özəlliyidir. İndiyə qədərki seçkilərin hamısı ərazilərimizin bir hissəsinin işğal altında olduğu, suverenliyimizin zədələndiyi, suverenliyimizin bir hissəsinin dövlətin əlində olmadığı şəraitdə, sərhədlərimizin müəyyən bir hissəsinin təhlükəsizliyinin tam təmin olunmadığı şəraitdə keçirilmişdirsə, göstərdiyi bu xüsusiyyətlər nöqteyi nəzərindən 7 fevral seçkiləri tam istisna təşkil edir. Həm ərazilərin bütövlüyü, həm suverenliyinin tam bərpası, həm də sərhəd təhlükəsizliyinin tam təminat altında olduğu bir şəraitdə seçkinin keçirilməsi, əlbəttə, bu seçkilərə müstəqillik tariximizdə böyük özəllik verir.
Bundan başqa, müstəqillik tariximizdə heç vaxt görmədiyimiz bir seçici fəallığının şahidi olduq. Bu seçici fəallığının da özəllikləri var. Hələ indiyə qədər bu cür kütləvi, çoxsaylı və mütəşəkkil seçici fəallığı görünməmişdi. Bu, aydın məsələdir ki, həm təşkilatçılıq işlərinin nəticəsi idi, həm də bundan daha çox onun nəticəsi idi ki, cəmiyyətin böyük bir hissəsi bu səsvermələrdə iştirak etmək və indiyə qədər, xüsusilə də son üç ildə gördüyü hadisələrin müəllifi olan İlham Əliyevə səs vermək istəyirdi.
Bu seçkinin özəlliklərindən biri də dediyim kimi, cəmiyyətimizin kütləvi, çoxsaylı və mütəşəkkil siyasi fəallıq içində səsverməyə gəlməsi idi. Açıq deyək ki, ötən əsrin 90-cı illərindən başlayaraq indiyə qədər Azərbaycanda seçkilər əksər hallarda nəzərə çarpan seçici fəallığı ilə keçsə də, xüsusilə Heydər Əliyevin prezident seçkilərinin seçici fəallığı ilə keçməsi bir fakt idi. İlham Əliyevin özünün indiyə qədər seçildiyi mərhələlər seçici fəallığı ilə müşayiət olunan seçkilər olub. Amma biz bu miqyasda, bu sayda, mütəşəkkillikdə kütləvi seçici varlığını ilk dəfə gördük ki, bu da birinci növbədə İlham Əliyevə seçicinin cəmiyyətin dəstəyi, ikinci növbədə isə son, xüsusilə də üç ildə görülən və dövlətimizin simasını dəyişən hadisələrlə bağlıdır.
Tariximizdə ilk dəfə olaraq altı milyon yarımdan artıq seçicinin bu prosesdə qeydə alındığının şahidi olduq. Bu seçicilərin sayca çoxalması həm Azərbaycanın demoqrafik inkişafının indiyə qədər olmayan bir mərhələsinin göstəricisi deyəndə, artıq başqa ölkələrdə bu və digər səbəblərdən yaşayan insanlarımızın vətənə dönmə zərurətinin, vətənə dönmə prosesinin intensivləşməsinin şahidi olduq.
Bütün bu deyilənlər, seçkinin həqiqətən özəllikləridir və həqiqətən İlham Əliyevi ərazi bütövlüyünü təmin etmiş və suverenliyini tam mənada bərpa etmiş Azərbaycanın seçilmiş ilk prezidenti hesab etmək olar. Baxmayaraq ki, İlham Əliyev xronoloji olaraq yanaşanda beşinci dəfədir seçilir, amma göstərdiyim nöqteyi-nəzərlərdən, yəni, ərazisinin bütövlüyünü təmin etdiyinə və suverenliyini tam şəkildə bərpa etdiyinə görə bu obrazda Azərbaycanın seçilmiş ilk prezidenti hesab edilə bilər".