Seçkilərin dinc şəraitdə keçməsi Azərbaycan xalqının demokratik proseslərin tərəfdarı olduğunu göstərir - Malayziyalı parlamentari

Fevralın 8-də Malayziya parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Olaylar.az xəbər verir ki, tədbirdə çıxış edən Malayziya Senatı sədr müavini Nur Cazlan Mohammad Bakı şəhərində 5 məntəqədə və Bilgəh qəsəbəsində seçkini müşahidə etdiklərini vurğulayıb.

"Seçkilər bütövlükdə rəvan keçdi və heç kimin səsvermə hüququna müdaxilə edilmədi. Seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyi qənaətindəyik. Seçkilər dinc şəraitdə keçdi və bu, bizdə yüksək təəssürat yaratdı. Bu onu göstərir ki, Azərbaycan xalqı demokratik proseslərin və dinc şəraitdə yaşamağın tərəfdarıdır", - o qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31