Xalq kimə etimad etməyin vacibliyini başa düşür - ÖZƏL
8 Fevral 2024 13:22 Siyasət"Budəfəki seçki prosesi əvvəlki proseslərdən çox fərqlənir". Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Azərbaycan xalqı, Azərbaycan dövləti bu seçkilərə xüsusilə hazırlaşmışdı. Çünki xalq, tarixində ilk dəfə olaraq, müstəqilliyini bərpa etdikdən sonra 32-33 illik müddət ərzində ilk dəfə idi ki, bu qədər həvəslə seçkiyə gedirdi. Açığı, mən özüm də seçkiyə gedən zaman apardığım müşahidələrdən bunu açıq şəkildə görürdüm. Hətta deyim ki, seçkidə iştirak edən zaman gördüm ki, nə qədər növbə var, 40 dəqiqədən artıq orda gözlədim ki, mənə də növbə çatsın, mən səs verim. Bu o deməkdir ki, xalq özü hazırlaşmışdı, xalq seçimi özü etdi, öz seçimini, öz yolunu özü seçdi. Çünki xalq bilir ki, nə istəyir, xalq kimə etimad etməyin vacibliyini də başa düşür, kimə inanmağın vacibliyini başa düşür. O baxımdan düşünürəm ki, Azərbaycan xalqı müdrik xalqdır və müdrik də seçim etdi. Çünki Azərbaycan ərazilərinin işğaldan azad edilməsini həyata keçirən, ona rəhbərlik edən şəxsin yenidən etimad göstərilərək prezident seçilməsi xalqın müdrikliyidir, çəkilən əziyyətə qiymət verilməsidir.
Şəffaflıq oldumu? Oldu. Təbii ki, olmalıdır, belə də olmalıdır. Əslində seçkinin gedişatı onu göstərdi ki, insanlar özü istəyir səs vermək. Yəni, siz düşünün, digər dövlətlərdə, xüsusən də Avropa dövlətinin özündə belə seçkidə iştirak 30-35-40%-ə zorla çatır, heç çox vaxt çatmır. Amma Azərbaycan xalqı təqribən 80%-ə qədər seçki fəallığı ilə bu seçkidə iştirak elədi və özlərinin fikirlərini, istəklərini nümayiş etdirdilər. Buna artıq mən hesab edirəm ki, nə Avropa Şurası, nə də digər Qərb təsisatları hər hansı bir formada, əgər vicdanları varsa, söz tapa bilməzlər. Əgər yoxdursa, təbii ki, onlar qərəzli münasibəti yenə göstərəcəklər. O baxımdan düşünürəm ki, bu seçki həm zəfər seçkisi oldu, həm Azərbaycan xalqının qalibiyyət seçkisi oldu, həm də dövlətimizin gələcəyinin etibarlı əllərdə qalmasına şərait yaradıldı. Əslində bu, təkcə İlham Əliyevin deyil, həm də xalqın qələbəsidir. Bu sözün həqiqi mənasında belədir və düşünürəm ki, xalq bundan sonra da öz gələcəyini, öz taleyini etibarlı əllərə vermiş oldu. Bu, çox önəmlidir və məncə, bu, seçkilərin əsas qayəsini təşkil edir. Yəni, bir lider əgər 92-93% səs toplayırsa, deməli xalqın mütləq əksəriyyəti onu sevir, seçir, onun siyasətini dəstəkləyir və onunla yola davam etməyi özü üçün bir vəzifə, borc bilir və onun siyasətinə dəstək verir. Mən bu seçkini belə adlandırardım".
Röyalə Xəyal