Xocalıda Xocalı faciəsinin şahidləri olan insanların səsvermədə iştirak etdiyini gördüm- ÖZƏL

"Azərbaycan xalqı ötən gün növbəti bir tarixi prosesinin şahidi oldu. Qarabağ zəfərini əldə etmiş xalqımız bu zəfəri zəfər seçkisi ilə taclandırdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Seçki prosesi ilə bağlı onu deyə bilərəm ki,  seçkilər zamanı işğaldan azad edilmiş Qarabağda olmaq şansım oldu və səsimi də Xankəndidə verdim. Bundan başqa, Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdamda oldum və buralarda 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd dairəsinin 107 saylı Xocalı-Əsgəran seçki məntəqəsində, Xankəndi şəhəri 122 saylı seçki dairəsinin 16 saylı seçki məntəqəsində və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində olmaq şansım oldu. İşğaldan azad edilmiş ərazilərdəki seçki dairəsində seçkilərin yerindəcə keçirilməsinin şahidi oldum. Ümumiyyətlə, seçki bütün demokratik qaydalar və beynəlxalq hüququn əsasında tərtib edilib. Azərbaycan Konstitusiyasında da göstərilən müvafiq bəndlər qeyd-şərtsiz icra edilmişdir. Heç bir neqativ halla rastlaşmadım. Əksinə, səsvermədə iştirak edən insanların aktivliyi müşahidə olunurdu. Burada Qarabağın yerli sakinləri, həmin ərazidə döyüşlərdə iştirak etmiş qazilər, şəhid ailələri iştirak edirdilər. Habelə, Qarabağın bərpa prosesində, yenidənqurma prosesində iştirak edən, müxtəlif bölgələrdən gəlmiş, burada işləyən işçilərə də həmin ərazidə səsvermə imkanı yaradılmışdı və onlar da işğal edilmiş ərazilərdə səsvermə imkanı tapdı. Bundan başqa, ərazidə xidmət edən polis orqanları, xüsusi xidmət orqanları, daxili qoşunlar və digər qurumların, digər nazirliklərin işçiləri, hətta marketlərdə işləyən texniki və ərazidə işləyən digər işçilər də burada yaxınlaşıb rahatlıqla səs verə bilirdilər. Yəni bütün demokratik normalar və prinsiplər yerinə yetirilmişdi. Mən heç bir neqativ halla rastlaşmadım, əksinə, olduqca müsbət bir atmosfer hakim idi. İnsanlar həvəsli şəkildə gəlib səsvermədə iştirak edirdilər. Özüm də dediyim kimi, səsimi bu ərazilərdə, Xankəndidə verdim.
Ümumiyyətlə, səsvermə prosesi olduqca şəffaf şəkildə keçirildi. Seçki dairəsində olan məsul şəxslərin vətəndaşlara yaxınlaşması, vətəndaşlarla yaxından əlaqədar olmasının şahidi oldum və bunlar həqiqətən şəxsən yaxından gördüklərimdir. Məsələn, fiziki məhdudiyyətli vətəndaşımıza Ağdamda Konqres Mərkəzindəki seçki dairəsində yaxından köməklik edilmişdir. Xankəndidə mən də səs verdiyim dairədə həmin ərazidə işləyən, amma seçki prosesi ilə bağlı məlumatı olmayan, yəni necə səs verəcəyi bilməyən vətəndaşlara kömək edirdilər, səbrlə yanaşırdılar və onların nə edəcəkləri onlara başa salınırdı. Dediyim kimi, xüsusi bir atmosfer var idi. Vətəndaşlar həvəslə yanaşırdılar səsverməyə, xüsusi aktivlik göstərilirdi və mən Qarabağ qazilərini orada gördüyümə çox sevindim, çox pozitiv yanaşırdılar. Xocalıda Xocalı faciəsinin real şahidləri olan yaşlı insanların gəlib səsvermədə iştirak etdiyinin şahidi oldum. 70-80 yaşlı şəxslərin birbaşa seçkiyə gəlib iştirak etdiklərinin şahidi oldum. Yəni deyə bilərəm ki, Azərbaycan vətəndaşları zəfər seçkisində olduqca aktiv, pozitiv idilər və hər kəs öz namizədinə səs verə bilirdi. Heç kəsin səslərinə müdaxilə olmadı, seçkilərə müdaxilə olmadı, maksimum şəffaflıq yaradılmışdı. Seçki məntəqəsində olan məsul şəxslər, nəzarətçilər olduqca pozitiv və operativ insanlar idilər, məlumatsız insanlara yaxından kömək edirdilər. Xüsusilə də bu rayon bölgələrində belə məsələlərdə məlumatı olmayan insanlar səsverməyə gəldikdə, onlara yaxından köməklik göstərilirdi və bütün bunlar hamısı bir daha zəfər seçkisinə, zəfər qazanmış bu xalqa layiq bir seçki prosesinin olduğunu göstərdi və seçki nəticəsi də artıq bəllidir.
Mən də öz növbəmdə möhtərəm prezidenti qələbə münasibətilə təbrik edirəm, digər namizədləri də hesab edirəm, yaxşı mübarizə apardılar və onu da deyim ki, digər namizədlərdən də Qarabağda səs verənlər olmuşdu və heç kəs də başqa namizədə səs vermişdi deyə neqativ hal yaşanmamışdı. Bütün demokratik və konstitutsion hüquqları tam təmin edilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31