Artıq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir şübhə yeri qalmadı-Elçin Xalidbəyli- ÖZƏL
8 Fevral 2024 12:55 Siyasət"7 fevral 2024-cü ildə Azərbaycanda tarixi bir seçki keçirildi. Bu seçkilərin Azərbaycanın gələcək taleyində böyük, önəmli rol oynayacağı gözlənilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Çünki, ilk dəfə idi ki, Azərbaycanın bütün ərazilərini əhatə edən seçki keçirildi. Artıq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir şübhə yeri qalmadı. Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpaetmə prosesini 7 fevral seçkiləri ilə yekunlaşdırmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabr ayında Azərbaycan ordusunun erməni terrorçuları və separatçıları üzərindəki tarixi qələbəsindən sonra Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı və bununla da Azərbaycan ərazisində erməni separatçı və terrorçuların sığındığı bu zona birdəfəlik ləğv olundu. Cənubi Qafqazda ermənipərəst Qərb və eyni zamanda Rusiyanın ortaq istifadə etdiyi erməni layihəsi birdəfəlik sıradan çıxarıldı. 7 fevralda Azərbaycanda bütün ölkə ərazisini əhatə edən seçkilər keçirilməklə bu proses sona çatdırılmış oldu. İndi Azərbaycanın qarşısında tamamilə fərqli hədəflər var və 7 fevral seçkiləri də Azərbaycanın gələcək taleyini, hədəflərini, prioritetlərini müəyyən edəcək çox önəmli siyasi-hüquqi bir prosedurdur. Azərbaycan ilk dəfə bu qədər önəmli tarixi hadisəni reallaşdırmış oldu. Bununla da biz deyə bilərik ki, 7 fevralda Azərbaycanın yaşamağa məcbur qaldığı 30 illik mərhələ sona çatdı və indi Azərbaycan yeni, daha fərqli bir mərhələyə keçid etdi. Bundan sonra Azərbaycanı gözləyən proseslər böyük ehtimalla daha çox Azərbaycanın öz maraqlarını beynəlxalq məkanda diqtə etməsi üzərində qurulacaq".