Biz artıq zirvəyə dorğu addımlayan dövlətik, xalqıq!- ÖZƏL

7 fevral 2024 tarixində ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərin nəticəsində İlham Əliyev 92.05% səs çoxluğu ilə beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Bu, ölkə ərazisində vətəndaşlar tərəfindən böyük sevinclə qarşılandı. İlkin nəticələr açıqlanandan ölkədə konsert tədbirləri, atəşfəşanlıq başlanıldı. Hər kəs bu seçkinin tarixə həkk olunduğunu böyük sevinclə dilə gətirir.

Siyasi şərhçi Ramiz Alıyev Olaylar.az-a  bildirib  ki, 7 fevral 2024-cü il Xankəndi də daxil olmaqla Azərbaycanın hər bir nöqtəsində, zamanında işğal altında olan torpaqlarımızda da seçkilərin keçirilməsi Azərbaycan xalqının qüdrətinin göstəricisidir:

"Bu, Azərbaycan Liderinin, Prezindentinin necə böyük qüdrətə malik olduğunu və xalqla birlikdə nələrə qadir olduğunu göstərir. Cənab Prezidentin illərlə apardığı uğurlu daxili və xarici siyasət, təhlükəsizliklə bağlı siyasət Azərbaycanı böyük zəfərə gətirib çıxardı. İlk dəfə idi ki, bütöv Azərbaycan ərazisində seçki keçirilirdi. Azərbaycan suveren dövlət olaraq hər bir qarışında xalqını seçkiyə səsləyə bildi. Bu, müstəqil Azərbaycan tarixində ilk idi. Bu Azərbaycan xalqının qüruru idi və Cənab Prezident bunu qaytardı. Xalqımızın da Cənab Prezidentə olan mənəvi bir borcu vardı. Bu mənəvi borc elə bir borcdur ki, heç bir zaman onu qaytara bilmərik. Sadəcə olaraq qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytarmalı idi və qaytardı. Hesab edirəm ki, bu gün seçkiləri izləyən istər Qərb tərəfdən gələn müşahidəçilər, istər digər dövlətlərdən, beynəlxalq təşkilatlar tərəfindən gələn müşahidəçilər bu məsələyə vicdanla, şərəflə baxsalar, görərdilər ki, insanlar necə yüksək əhval-ruhiyyə, necə sevinclə bu seçkiyə qatılmışdılar. İnandırım ki, Azərbaycan xalqı elə bu cür sevincli seçkilərə qatılmağa layiq olan xalqdır. Biz hər zaman qonşu dövlətlərdə, xüsusən qonşu Türkiyədə insanların seçkilərə sevinclə qatıldığını görmüşdük. Bu il keçirilən seçkilərdə bunu Azərbaycanda da görə bildik. İnsanlar öz qohumlarını, dostlarını, ailəsini yığaraq seçkilərdə iştirak etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi çox açıq formada nümayiş etdirirdilər. Bu da onu göstərdi ki, Azərbaycan xalqı illərlə seçkilərə böyük ümidlərlə getmiş, öz liderini seçmiş və ona böyük ümidlər bəsləmişdir. Bu gün isə artıq Azərbaycan xalqı o ümidlərin reallığa çevrildiyini gördü. Xalq həm də özü ilə fəxr etdi ki, illər öncə Cənab Prezidentə, ondan öncə də Ulu Öndərimizə etimad göstərərək dövlətimizin Prezidenti olmasına şərait yaratmışıq. Biz həqiqətən də düzgün seçim etmişik ki, bu gün Cənab Prezidentimiz Ulu Öndərimizin layiqli siyasi davamçısı olaraq, onun siyasi vəsiyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş və Azərbaycan xalqını qürurlandırmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı da Cənab Prezidentimizə olan mənəvi borcunu seçkilərdə ödəmək istəyirdi. Dünyanın hər bir ölkəsindən Azərbaycanda gedən seçkiləri izləmək mümkün idi. Azərbaycanda 1000-dən çox veb-kameralar quraşdırılıb və MSK-nın internet saytına daxil olmaqla həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkün oldu.

Digər məsələni xüsusi olaraq oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bu gün artıq Azərbaycan yeni bir dönəmə qədər qoydu. İllər öncə Azərbaycana qarşı təxribat dolu çıxış edən, qarayaxma kampaniyası aparan, Azarbaycanda "sapı özümüzdən olan baltaları" yetişdirməklə, himayə etməklə, onların vasitəsilə Azərbaycan xalqına və dövlətinə hörmətsiz yanaşanlar bu gündən sonra cəzalanmalıdır. Artıq onların nazı ilə oynamağa ehtiyac yoxdur. Azərbaycan artıq zirvəyə doğru gedir və biz Azərbaycanı zirvədə görmək istəyirik. Ona görə də, biz vətəndaş olaraq hər birimiz bu yükün altına girməliyik. Azərbaycan xalqına, dövlətinə qarşı qarayaxma kampaniyası aparan, təxribatçılıq edən, Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsiz yanaşan şəxslərin cavablarını verməliyik. Əminəm ki, Azərbaycanın hüquq mühafizə orqanları bununla bağlı xüsusi tədbirlər planı hazırlayacaqdır. Azərbaycan xalqının iradəsinə zidd olan bu Vətən xainləri layiqli cavabını alacaqdır. Biz artıq bu cür insanların bizimlə birlikdə yaşamasını istəmirik. Onların hansısa bir dövlətin əlaltısı olaraq Azərbaycan dövlətinə və xalqına qarşı hörmətsizlik etməsinə yol verə bilmərik. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında seçkilərin keçirilməsi hər bir azərbaycanlının qüruru, sevincidir. Buna qarşı çıxan, sevinməyən kimlərdir? Əlbəttə, biz bunu çox yaxşı bilirik: erməni lobbisi, erməni xalqı, erməni dövləti, Fransa və digər erməni lobbisinin əlində oyuncağa çevrilən beynəlxalq təşkilatlar, ölkəmizə və dövlətimizə qarşı düşmən mövqedə olan təşkilatlar, dövlətlər, şəxslərdir. Əgər bizim öz xalqımızın nümayəndələrindən kimsə onlarla eyni mövqedə durursa, eyni cəbhədə vuruşursa, əlbəttə ki, onlar da bizim düşmənimizdir. Əlbəttə ki, bu gün Azərbaycan xalqının hər hansısa bir fərdi razı ola bilməzdi ki, bizim torpaqlarımız işğal altında qalsın. Azərbaycan xalqı ona görə qürurla seçkilərə getdi ki, Azərbaycanın hər qarış torpağında seçki məntəqələri qurulubdur və insanlarımız, vətəndaşlarımız ora səs verməyə gedirlər. Bütün bu olanlara sevinməyənlər, Azərbaycanın qüdrətini qəbul etməyənlər bizim düşmənlərimizdir. Biz bunu layiqincə cavablandırmalıyıq. Artıq bizi böyük və uğurlu gələcək gözləyir. Azərbaycan böyük inkişafa gedəcək. Hesab edirəm ki, seçkilərdən sonra Azərbaycan tam fərqli formada inkişaf edərək güclü bir dövlətə çeviriləcək və xalqımız öz liderinin yanında möhkəm dayanaraq Azərbaycanı zirvəyə aparmağa, böyük hədəflərə çatmasına şərait yaradacaqdır.

Azərbaycan xalqını təbrik edirəm! Biz bildirməliyik ki, Azərbaycan xalqı bu gün qürurla yaşayır. Qürurludur ona görə ki, illərdir etimad etdiyi, dəstək göstərdiyi lideri onların etimadını doğrultdu. Azərbaycan xalqı qürurla gedib etimadı doğruldan şəxsə səslərini verdi. Həm də ona görə qürurludur ki, bütün işğaldan azad edilmiş ərazilərin hər birində seçki məntəqələri quruldu. Xalqımız bununla fəxr edir. Biz artıq zirvəyə dorğu addımlayan dövlətik, xalqıq!"

Siyasi şərhçi Əziz Əlibəyli seçkilərlə bağlı ilkin rəy olaraq bildirir ki,dünya ilə müqayisədə Azərbaycan elə bir seçki keçirib ki, bu, vətəndaş iştirakçılığının qiymətləndirilməsi, siyasi proseslərdə vətəndaşın reaksiyası, gələcəyinə yönəlik göstərdiyi mövqe və demokratiyanın, sabitliyin, Azərbaycanın güclü gələcəyinin inşası yolunda millət iradəsinin yüksək səviyyədə sərgilənməsidir:

"Vətəndaş fəallığına gəldikdə, bilmirəm, keçmişdə bu fəallıqda seçki prosesi baş tutubmu, amma sözün əsil mənasında Azərbaycan xalqının budəfəki seçkidə iştirakının rəqəmlərdəki fəallıq göstəricisinin ən üst səviyyədə olması ondan xəbər verir ki, bu bir tarixi dönəmin başlanmasına yönəlik növbəti tarixi qərarın verilməsidir. Burda çoxlu sayda faktorlar, detallar var. Ən böyük detal şübhəsiz ki, Vətənin böyüməsi, birləşməsi, azad torpaqlarda seçkilərin təşkili, Azərbaycanın suveren ərazisində ilk dəfə belə tarixi prosesin baş tutması və həm də bunun daxili seçki prosesindən çox Azərbaycanın qalibiyyətlərinə görə üzərinə gələn xarici qruplara reaksiyası oldu. Bunun qiymətləndirilməsi nöqteyi-nəzərindən çoxlu sayda detal var. Ən başlıcası kimi bunu qeyd etmək lazımdır ki, Azərbaycan xalqı bir tarixi prosesi səngərdə qalibiyyətlə necə qazanmışdısa, silahını səngərdə buraxıb qələmi ilə seçki məntəqələrinə daxil olub, ordakı qalibiyyəti seçki yolu ilə tamamlamış oldu."

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31