Bu seçkidə qalib gələn Azərbaycan xalqı, Azərbaycan dövləti oldu- ÖZƏL
8 Fevral 2024 11:09 Siyasət7 fevral 2024-cü il artıq tarixə həkk olundu. Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirildi. Bu, Azərbaycan Prezident postu uğrunda keçirilən IX rəsmi ümummilli seçki oldu. 08:00-da başlayan seçki 19:00-da yekunlaşdı. Mərkəzi Seçki Komissiyasının 92%-dən çox səs çoxluğu ilə Azərbaycan xalqı yenidən İlham Əliyevi Lider seçdi.
Siyasi şərhçi Elşad Həsənov "Olaylar"a deyib ki, 7 fevral 2024-cü il tarixində Azərbaycan xalqı yeni bir dövrə qədəm qoydu:
.jpg)
"Azərbaycan xalqının böyük fəxrlə, fəxarətlə, sevinclə səs verdiyi Prezident İlham Əliyev yeni bir dövrün başlanğıcını edəcək. O, özünün keçmiş müsahibələrində bildirmişdi ki, bizim əvvəllər qarşımızda duran əsas məqsəd Qarabağımızı erməni tapdağından azad etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Bu məsələyə biz İlham Əliyevin 20 illik hakimiyyəti dövründə nail olduq. İlham Əliyev xalqı öz ətrafında birləşdirməyi bacardı. Neftdən, qazdan gələn gəliri insan kapitalına çevirdi, ordumuz gücləndi, sosial məsələlər, əhalinin həyat şəraiti yaxşılaşdırıldı. Bir daha qeyd edim ki, əsas məqsəd torpaqlarımızın yağı düşməndən azad edilməsi oldu. Buna məhz İlham Əliyev nail oldu. İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Biz bilirik ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilər Azərbaycan ərazisinə yerləşdiriliblər və bu Rusiya İmperiyası tərəfindən həyata keçirilib. Sovet höküməti qurulanda da bizim nə qədər torpaqlarımız Ermənistana verilib və Ermənistan adlı bir dövlət yaradılıb. 1990-cı illərdə Qarabağın Ermənistana birləşdirilməsi hərəkatı başlanandan sonra o zamankı rus hakimiyyətinin Ermənistana dəstək göstərməsi ilə torpaqlarımız işğal olundu. Doğrudan da xalqımızın qüruru öldürüldü. Bir milyondan artıq məcburi köçkünümüz oldu. Ermənistanda yaşayan 250 mindən artıq qardaş-bacılarımız köçkün düşdü, çoxu yolda öldürüldü. Ermənistandan azərbaycanlıların etnik təmizlənməsi aparıldı. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Ona görə də, biz, Ulu Öndərin rəhbərliyi altında dövlətimizi bərkitməyə başladıq. "Əsrin müqaviləsi" bağlandı və iqtisadiyyatımız relsə salındı. Ulu Öndər hələ sağlığında bildirirdi ki, biz Qarabağa qayıdacağıq, biz Şuşanı, Cəbrayılı, erməni tapdağında olan bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Onun söylədiyi fikirləri İlham Əliyev həyata keçirdi. Ona görə də, xalqın ona qarşı çox böyük sevgisi, sayğısı, inamı var. Bu gün Azərbaycanda İlham Əliyev qədər səviyyəli, savadlı, dövlətçiliyi bilən ikinci adam yoxdur. Varsa, ortaya çıxarsınlar. Bəzi özümüzdən olub, ermənilərin pulu ilə üstümüzə hürənlərin sözlərinə fikir verməyin. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi, dünyada inkişaf edən ölkələrdən biridir. Doğrudan da bu gün bizim liderimizə həsrətlə baxan ölkələr var. Azərbaycan Prezidenti nəyi vəd edibsə, onu yerinə yetirib. Bu gün ona inanan xalq bir nəfər kimi seçkilərdə iştirak etdi. Böyük seçki aktivliyi müşahidə olundu. Mən özüm ailəmlə seçkidə iştirak etdim və 42 dəqiqə növbədə durdum. Bu çox qürurverici, sevincli idi. Hamı sevinə-sevinə gəlirdi. Əvvəlki seçkilərdə də iştirak etmişəm, bəzən gec, bəzən tez gəlirdilər, amma bu seçkidə insanların üzündə bir işıq, sevinc, inam var idi. Bax, bu seçkini digər seçkilərdən fərqləndirən xüsusiyyət budur! Xalq öz gələcəyinə, yaxşı yaşamasına səs verdi. Xalq dövlətinin güclənməsinə səs verdi. "Exit poll"ların çıxışlarına baxdım, hamısı seçkinin yüksək səviyyədə keçirilməsini və heç bir qayda pozuntusu olmadığını bəyan etdilər. Çox maraqlı və sevindiricidir ki, Xankəndində seçicilərin 100%-i İlham Əliyevə səs verib. Bunun belə də olmasını gözləyirdim. Digər bölgələrdə də böyük əksəriyyət İlham Əliyevə səs verib və İlham Əliyev 92.4%-lə liderdir. Bu seçki ilə bağlı ilk olaraq Özbəkistanın Prezidenti Ş.Mirziyayev, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Türkiyənin Prezidenti R.T.Ərdoğan, Serbiyanın Prezidenti A.Vuçiç və digər ölkələrin rəhbərləri İlham Əliyevə təbriklər göndərir, sevinclərini dilə gətirirlər. Seçkini 109 xarici KİV nümayəndələri izləyirdi. 790 beynəlxalq təşkilatın üzvləri, ATƏT-in 206 üzvü izləyirdi. Yəni bu gün bizdə eyib axtaran, çatışmazlıq görmək istəyən adamların vicdanı varsa, qoy, göstərsinlər. Heç bir yerdə heç bir qanunauyğunsuzluq olmadı. Təbii ki, korlanmış bülletenlər oldu, onlar hamısı bildirilir. Səhvən qaralama edənlər də oldu. Ancaq seçkiyə gələn insanların 99.9%-i seçkinin yüksək səviyyədə keçirildiyini bildirir. Qeyd etdiyim kimi, bir neçə "Exit-poll" aparıldı və seçkinin yüksək səviyyədə keçirildiyini onlar da təsdiqlədilər. Bu seçkinin fəallığı, seçicilərin şadyanalığı, üzündəki təbəssüm İlham Əliyevə böyük inam verəcək ki, o qarşıdakı 7 ildə Azərbaycanı daha da inkişaf etdirsin, işğaldan azad olunmuş dilbər güşələrini dünyanın cənnətinə çevirsin. Yeni istirahət mərkəzləri, yaşayış binaları, xəstəxanalar, ağıllı kəndlər salınsın. Bunların hamısını İlham Əliyev və onun komandası bacarır. İnanıram ki, xalq olaraq bunun bəhrəsini görəcəyik".
Siyasi şərhçi Azad Məsiyev bildirir ki, Prezident İlham Əliyevin siyasi reytinqi, eyni zamanda respublikadakı və beynəlxalq aləmdəki nüfuzu kifayət qədər yüksək idi. Belə olan halda sual meydana çıxır ki, birdən-birə növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar nəyə hesablanmışdı:

"Təbii ki, Prezident İlham Əliyev bu barədə müsahibələrində açıqlamalar vermişdi. Növbədənkənar Prezident seçkilərinin keçirilməsinə səbəb təbii ki, Azərbaycanın yeni hədəflərinin meydana gəlməsidir, yəni 44 günlük qələbədən sonra Azərbaycan xalqının yeni hədəfləri müəyyən edilməlidir. Ümumilikdə Prezident İlham Əliyevin özünə inamı o qədər yüksək idi ki, o, əmin idi ki, Azərbaycan xalqı yenə ona səs verəcək. Bu, İlham Əliyevin əməyinin, fəaliyyətinin nəticəsidir. Xalq İlham Əliyevin qələbəsinə şübhəsiz səs verdi. Nəinki 30 il, 200 ilə yaxın idi ki, Azərbaycan öz torpaqlarını ermənilərə uduza-uduza bu dövrə qədər gəlmişdi. Artıq İlham Əliyevin siyasəti, fəaliyyəti nəticəsində tək torpaqlar işğaldan azad edilmədi, həm də 200 il ərzində ermənilərin əldə etdiyi geri qaytarıldı. Azərbaycan xalqı yenə İlham Əliyevə səs verərək öz Liderini seçdi. Təbiidir ki, Prezident İlham Əliyevin həm Azərbaycandaxili, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər reytinqə malikdir.
Seçkilər çox demokratik və şəffaf keçirildi. Neçə ildir ki, seçki prosesində iştirak edirəm. Hətta sovet dövründən bəri bir neçə seçkilərdə iştirak etmişəm. Amma səmimi etiraf edirəm ki, xalqın illər ərzindəki fəallığı tamam fərqli oldu. İnsanlar könüllü olaraq seçki prosesində iştirak etdi. Hesab edirəm ki, insanlar öz iradələrini sərbəst nümayiş etdirdilər. Heç bir təzyiqə məruz qalmadan öz iradələrini ifadə etdilər. Azərbaycan xalqı yenə də İlham Əliyevin prezidentliyini qəbul edərək ona səs verdi və etimadını göstərdi. İlham Əliyev də Azərbaycan xalqının ona olan etimadını doğruldaraq gələcək hədəfləri müəyyən edəcək və yeni qələbələrə imza atacaqdır".
Qiymət Mahir