Prezident seçkilərinin ilkin nəticələri açıqlandı: İlham Əliyev 92,1 faiz səslə liderdir

Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini elan edib.

Ilkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,2 faizini, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99% Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,48% toplayıb.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31