Əsas təəssürat çoxlu sayda aktiv seçici, hər yerdə növbələrin olması idi - İqor Korotçenko

Əsas təəssürat ondan ibarətdir ki, çoxlu sayda fəal seçici və hər yerdə növbələr var idi.

Olaylar.az-ın məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdə olan Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko bildirib.

"Mən bir qrup həmkarımla bu gün 6 seçki məntəqəsində olduq. 5-i Bakıda, 1-i paytaxtətrafı idi", - deyə o, bildirib.

Korotçenko qeyd edib ki, seçki prosesinin təşkili və seçki komissiyalarının işi çox rahat keçib: "Hər şey çox bacarıqla təşkil edilmişdi. Hətta nümunəvi olduğunu deyərdim. İştirakçı sayı rekord olacaq. Ümumiyyətlə, belə bir fikir yaranır ki, demokratik standartlara uyğun seçki prosesləri necə aparmaq lazım olduğunu, Avropa İttifaqının bir sıra ölkələri, xüsusən Azərbaycanı tənqid etməyə çalışan Fransa Azərbaycandan öyrənə bilərdi. Bu gün həm Paris, həm də bir sıra digər Avropa paytaxtları üçün xarakterik olan ucuz demaqogiya ilə məşğul olmaq əvəzinə demokratiya standartlarını öyrənsinlər".

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edib.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31