98 yaşlı Xətai rayon sakini səsvermə hüququndan istifadə edib

Növbədənkənar prezident seçkilərində seçici fəallığı nəzərəçarpacaq dərəcədə yüksəkdir. Məntəqələr seçicilərin üzünə səhər saat 08:00-dan açılsa da, geridə qalan müddət ərzində səs vermək üçün məntəqələrə üz tutanların ardı-arası kəsilmir.

Hətta növbədənkənar prezident seçkilərində iştirak edənlər arasında yaşlı sakinlərin də fəallığı diqqətdən yayınmayıb.

Olaylar.az xəbər verir ki, onlar arasında 98 yaşlı Xətai rayon sakini də müvafiq məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.

Əlavə edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31