72 saylı DSK-nın sədri: “Cəlilabadın sərhəd və dağlıq kəndlərində də seçkilərə hazırlıq prosesi yüksək səviyyədə təşkil edilib”

"72 saylıCəlilabad kənd seçki dairəsi üzrə 45 məntəqədən 10-u nisbətən ucqarda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Seçki dairəsi ilə onların ən yaxını arasındakı məsafə 35 km, ən uzağı ilə isə 70 km-dir. Məsafədən asılı olmayaraq bütün məntəqələrdə seçkilərə hazırlıq prosesi ən yüksək səviyyədə həyata keçirilib". Bunu secki-2024.az saytına açıqlamasında 72 saylı Cəlilabad kənd dairə seçki komissiyasının (DSK) sədri Mehman Rzayev bildirib.

Dairə sədri məlumat verib ki, prezident seçkilərinin azad, sərbəst və demokratik şəkildə keçirilməsini təmin etmək üçün bütün məntəqələrdə təchizat məsələləri tələblərə uyğun həll edilib:

"Məntəqələrin hamısı lazım olan avadanlıqlarla, seçki materialları ilə təmin olunub, onlardan beşində veb-kameralar quraşdırılıb. Bülletenlər Mərkəzi Seçki Komissiyasından alınaraq məntəqələrə çatdırılıb. Yaşlı və sağlamlıq imkanları məhdud olan şəxslər üçün isə daşınan seçki qutuları vasitəsilə səsvermə imkanı yaradılacaq".

M.Rzayevin sözlərinə görə, 72 saylı Cəlilabad kənd seçki dairəsində ümumilikdə 47 min 600 nəfər seçici var ki, onlardan 2 303 nəfəri ilk dəfə səsvermə hüququ qazanan şəxslərdir: "Səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərdən 59-u 18 yaşındadır. Onların ikisinin 18 yaşı məhz seçki günü tamam olacaq. Ən yaşlı seçicimiz isə 1923-cü il təvəllüdlü Məmmədova Tehran Fərvi qızıdır. Maraqlıdır ki, sonuncuların hər üçü 44 saylı məntəqədə qeydiyyatdadır. Bu, bizim üçün sanki 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni, bu seçkilərin Zəfər seçkiləri olduğunu simvolizə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31