18 yaşlı Xocalı sakini: “Fəxr edirəm ki, ilk dəfə iştirak etdiyim seçkilər doğma Qarabağımızda da keçirilir”
6 Fevral 2024 16:29 Siyasət"18 yaşım təzəlikcə tamam olub və fevralın 7-də seçkilərdə ilk dəfə səs verəcəyəm. Səsvermə hüququmdan istifadə etmək arzum reallaşdığı üçün çox həyəcanlıyam. Odur ki, bu seçkilər mənim yaddaşıma həmişəlik həkk olunacaq". Bu sözləri secki-2024.az saytına açıqlamasında Xocalı rayon sakini, Mingəçevir Tibb Kollecinin 1-ci kurs tələbəsi Səbuhi Hümbətov deyib.
O, həmçinin 7 fevral - Azərbaycan Respublikası Prezidenti seçkilərinin müstəqil Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi baxımından da bir ilk olduğunun sevincini yaşadığını vurğulayıb: "Mən ata-babamın doğam yurdu olan Xocalıdan uzaqda dünyaya gəlmişəm. Ancaq həmişə ən böyük arzum nə vaxtsa o torpaqlarımızın erməni işğalından azad edilməsi, bizim ora qayıtmağımız olub. Həm də buna görə fəxr edirəm ki, 7 fevral - prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi, Qarabağımızda da, mənim doğma Xocalı rayonumda da keçirilir. Mən bütün gəncləri bir nəfər kimi bu tarixi Zəfər seçkilərində iştirak etməyə səsləyirəm".