Paşinyan belə asanlıqla hakimiyyətdən getməyə hazırlaşmır-Əli Mustafa- ÖZƏL
6 Fevral 2024 14:58 Siyasət"Paşinyanın əvəzlənməsi məsələsi son vaxtlar müzakirə olunsa da, bunu hələlik ciddi hesab etmirəm. Ona görə ki, Paşinyan belə asanlıqla hakimiyyətdən getməyə hazırlaşmır. Ola bilsin ki, bu informasiya və yaxud dezinformasiyanı müxalifət tərəf buraxmaqla bir növ Paşinyana, Vətəndaş Müqaviləsi Partiyasına ictimai rəydə bir etimadsızlıq yaradılmaq məqsədilə edilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Yaxud da ola bilsin ki, cəmiyyətin reaksiyası yoxlanılır. Hər halda həm Qriqoryanın, həm Simonyanın nə vaxtsa Paşinyanın yerinə iddiaçı olacaqlarını ehtimal edirəm. Onlar bir qədər gənc olsalar da artıq hiss olunur ki, müəyyən iddialar qoya bilərlər. Bu məsələnin yaxın günlərdə reallaşması bir qədər real görünmür, amma növbədənkənar seçkilərə hazırlıq barədə məlumatlar var. Ola bilər ki, bu hakim partiya hakimiyyətə yeni liderlə davam etmək istəyərlər. Paşinyanın da kifayət qədər qüsurları var. Bu savaşın başlamasında, məğlubiyyətdə Paşinyanın rolu böyükdür. Həm də nəzərə alsaq ki, son vaxtlar Ermənistanın başına gələn bütün işlərin mənfi yükü Paşinyanın çiynindədir. Nəzəri cəhətdən onu əvəzləmək iddiası ola bilər. Əvəzlənəcəyi təqdirdə Azərbaycan-Ermənistan münasibətlərində əvvəla yeni adamlar bir formada revanş götürməyə də cəhd edə bilərlər. Ermənistanı sanki uğursuzluq plasasından çıxarmağa da çalışa bilərlər. Yaxud da əksinə, sülh sazişinin imzalanmasına töhfə də verə bilərlər. Bu onların özlərinin proqramından, vizyonundan eyni zamanda, onları hakimiyyətə gətirən qüvvələrin bölgədəki planlarından asılı olacaq. Hər halda qərbyönümlü yeni adamlar hakimiyyətə gələrsə, Qərbdən hansı tapşırıları, sifarişləri alacaqlarsa böyük mənada ona yönəlik bir siyasət yeridəcəklər. Əgər silahlanma məsələsində özlərini avantajlı hesab edəcəklərsə, bu Azərbaycanla Ermənistan münasibətlərini korlaya bilər. Azərbaycanın güclü tərəf olduğunu başa düşər, qəbullanarlarsa, o halda yəqin ki, sülh sazişinin imzalanması məsələsi onların prioriteti olacaq. Bir məsələ var ki, istənilən Ermənistan siyasətçisi o erməni cəmiyyətinin basqısıyla erməni terrorizminin həmişə sərt üzü ilə qarşı-qarşıyadır. Ona görə də kənarda olarkən rahat danışan adamlar hakimiyyətə gəlib məsuliyyət yükünü çiyinlərimə götürəndə cəmiyyətdən gələn reaksiyanın qarşısında təbii ki, dura bilmir. Buna görə də Paşinyanın da fəaliyyətində biz bu tərəddüdləri görürük. Bu siyasətçilərin də fəaliyyəti məncə, özlərinin vizyonundan daha çox cəmiyyətin reaksiyasına və Qərbdən gələn sifarişlərə bağlı olacaqdır".