Son illər sosial siyasət istiqamətindəki tədbirlər təqdirə layiqdir-Elşad Məmmədov- ÖZƏL

"Azərbaycanda pensiyaların artımı ilə bağlı və ölkədə ötən il ərzində orta əmək haqqı artımını bu qərarın qəbul edilməsində əsas götürmək məsələsi mütərəqqi yanaşmanın göstəricisidir". 

Bu fikirləri iqtisadi məsələlər üzrə ekspert Elşad Məmmədov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Belə ki, pensiyaçıların sosial hüquqlarının qorunması nöqteyi-nəzərdən bu addım təqdirə layiqdir. Çünki, bu iqtisadi mənzərəni daha real olaraq göstərmiş olur. Bu baxımdan hesab edirəm ki, pensiyaların bu trendlər üzrə ilbəil artırılmasını təmin etmək lazımdır. Bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir ki, əslində biz son illər ərzində də bunun şahidi oluruq. Eyni zamanda, sözsüz ki, əmək haqqı fondunun artımının növbəti illərdə pensiyaların artımına təsir edəcəyini nəzərə alaraq biz bu il ərzindəki əmək haqqı artımlarını, o cümlədən pensiya artımlarında əks olunacağını proqnozlaşdıra bilərik. Bu gün biz bir sıra istiqamətlər üzrə əmək haqqı artımının şahidi oluruqsa bu o deməkdir ki, növbəti il də bu artımların pensiyaçılara da şamil edilməsini gözləmək olar. Bu baxımdan ölkədə həm əmək haqqının, həm pensiyanın artımına xüsusi olaraq prioritet kimi yanaşılmalıdır. Bir tərəfdən bu əhalinin sosial nöqteyi-nəzərdən müdafiəsinə şərait yaradır, digər tərəfdən isə iqtisadiyyata təkan verir. Çünki, bu daxili bazarda alıcılıq qabiliyyətinin qorunmasına istiqamətlənmiş siyasətdir. Onu da qeyd etməliyik ki, bu artımların reallaşması təqribən son 6 il ərzində ölkədə sosial siyasətin həyata keçirilməsində, sosial müdafiə sistemindəki şəffaflığın təmin edilməsi ilə bilavasitə bağlıdır. Çünki, bu şəffaflıq eyni zamanda, operativlik, çeviklikdir. Bu gün biz pensiyaların proaktiv qaydada təyin edilməsinin şahidi oluruq. Bu istiqamətdə elektronlaşmanın nailiyyətlərini qeyd etməliyik. Bütün bunlar şübhəsiz ki, daha çevik, daha sürətli, daha effektiv şəkildə həm pensiyaların, həm də əmək fondunun artırılmasına şərait formalaşdırır. Bütövlükdə son illər ərzində sosial siyasət istiqamətində həyata keçirilən tədbirlər təqdirə layiqdir və bu siyasət ardıcıl və dayanıqlı şəkildə davam etdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31