Moldova MSK üzvləri Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Moldova Mərkəzi Seçki Komissiyası sədri Anjelika Karamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Secki-2024.az xəbər verir ki, Məzahir Pənahov qonaqları salamlayaraq, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

M.Pənahov ölkələrimiz arasında münasibətlərdən danışaraq, ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Fevralın 7-də keçiriləcək seçkilərin ölkəmizin tarixində Zəfər seçkiləri kimi qalacağını vurğulayan MSK sədri işğalla əlaqdar olaraq 30 ildən çox ölkənin müxtəlif bölgələrində səs verən soydaşlarımızın nəhayət ki, öz doğma ərazilərində səs verəcəklərini əlamətdar hadisə kimi qiymətləndirib. 

MSK sədri həm işğaldan azad edilmiş ərazilərdə, həm də bütün ölkə ərazisində seçicilərin rahat səs verə bilmələri üçün bütün təminat və təhcizatın həyata keçirildiyini diqqətə çatdırıb.

Dəvətə görə minnətdarlığını bildirən Anjelika Karaman seçkiləri müşahidə edəcəklərindən məmnun olduqlarını vurğulayıb.

A.Karaman Azərbaycanda seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib: "Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa ölkənin bütün ərazisində seçkilər keçirmək arzusundadır. Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnunuq. Əminik ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun keçiriləcək".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31