Fərdi hesablardakı pensiya kapitalları da artırılıb- ÖZƏL
6 Fevral 2024 11:17 Siyasət""Əmək pensiyaları haqqında" qanunun 29.1 maddəsinin tələblərinə görə, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Həmin qanunun 29.1-1 maddəsinə görə isə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu məsələ ilə əlaqədar keçən ilin sonu və bu ilin əvvəlindən 2024-cü ildə maaşların, pensiyasların və digər sosial ödənişlərin hansı səviyyədə artırılacağı məsələsi əsas müzakirə mövzularından birinə çevrilmişdi. Həmin gözləntilər kontekstində verilən suallar içərisində əmək pensiyalarının nə qədər artırılacağı sualı xüsusi yer tuturdu. Müxtəlif proqnozlar verilirdi. Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faiz səviyyəsində indeksləşdiriləcəyini proqnozlaşdırmışdı. Biz də bu məsələ ilə bağlı sualları cavablandıranda və sonuncu dəfə bu ilin 9 yanvarında mətduata verdiyimiz müsahibədə bildirmişdik ki, bu il orta aylıq əmək haqqı 50 manat artaraq 980 manata çatdırılması nəzərdə tutulub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, yaşa görə pensiyanın orta aylıq məbləği də 50 manat artırılıb 510 manata çatdırılır. Bununla belə bu il orta əmək haqqının 980 manata çatacağı proqnozlaşdırılsa da, muzdla çalışan 1,7 milyon nəfər işçinin xeyli hissəsi orta əmək haqqndan aşağı, yarıya qədəri isə 500 manat ətrafında olan median əmək haqqı səviyyəsində maaş alır: "Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin 510 manata çatdırılsa da, median pensiya 360 manatdır. Bu ilin oktyabrına olan rəsmi məlumata görə, orta aylıq əmək haqqı 11 faiz artıb. Deməli ilin sonuna olan rəsmi statistika açılandan sonra pensiyalar hazırda məlum olan həmin 11 faizdən bir qədər artıq səviyyədə indeksləşdiriləcək. Bu il fevralın 5-də sözügedən gözləntilər qarşılığında rəsmi statistika açıqlandı və proqnozlaşdırdığımız kimi, pensiya artımı 11 faizin üstündə oldu. Əmək pensiyaları haqqında qanunun 29.1 maddəsinə əsasən "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 5 fevral tarixli xüsusi Prezident Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilir ki,bu ilin yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Pensiyaçıların yarıya qədərinin aylıq pensiyası 360 manatdır. Həmin kateqoriyaya aid pensiyaçıların pensiyası cari ilin yanvar ayının 1-dən 11,2 faiz, yəni 40 manat artırılmaqla 400 manata çatdırıldı. Yanvar ayı üçün müəyyən olunna 40 manatlıq artım da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Pensiyaçının pensiyası orta aylıq pensiya məbləğinə yaxın, yəni 500 manatdırsa, bu məbləğ cari ilin yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq və yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.
Eyni zamanda, qeyd etdiyimiz kimi, "Əmək pensiyaları haqqında" qanunun 29.1-1 maddəsinə əsasın "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" həmin prezident Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə rəsmi illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırıldı. Məsələn, şəxsin fərdi hesabında 60 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 5280 manat artırılmaqla 65280 manata, 80 min manat toplanıbsa- bu məbləğ 7040 manat artırılaraq 87040 manata, 100 min manat toplanıbsa-8800 manat artırılmaqla 108800 manata çatdırılır".