110 saylı Balakən seçki dairəsinin bütün məntəqələri səsvermə prosesinə hazırdır

110 saylı Balakən seçki dairəsinin məntəqə seçki komissiyalarında fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətə gətirilib. Secki-2024.az saytı xəbər verir ki, seçkilərə hazırlıq işləri Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim-plana uyğun aparılıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 48 min 990 seçici qeydə alınıb. 

Onlardan 1705 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 739 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə qeydə alınan ən yaşlı seçicilər isə Gərəkli kəndində yerləşən 9 saylı seçki məntəqəsində səs verəcək 102 yaşlı Xəlilova Pətimat Əli qızı və Balakən şəhər 3 saylı seçki məntəqəsində səs verəcək 100 yaşlı İbrahimova Fatma Abdulrəhman qızıdır. Hər iki seçicinin evinə daşınan seçki qutusu göndəriləcək.

Səsvermə dairənin 44 seçki məntəqəsində keçiriləcək. Bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vəsaitlərlə təmin olunub. Səsvermənin gedişini izləmək üçün 8 məntəqədə veb-kamera quraşdırılıb. Eyni zamanda, səsvermə prosesini müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 580 nəfər yerli müşahidəçi izləyəcək. Dairə üzrə 483 vətəndaşa qeydiyyatdançıxma vəsiqəsi verilib.

Dairənin tərkibində olan 2 saylı seçki məntəqəsi Balakən şəhər 1 nömrəli tam orta məktəbdə yerləşir. Bu məntəqədə də seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Komissiya üzvləri səsvermə gününə çox ciddi hazırlaşıb, peşə hazırlıqlarının artırılması məqsədilə treninqlərdə iştirak ediblər. Məntəqədə səsvermə prosesi veb-kamera vasitəsi ilə müşahidə olunacaq. Məntəqə üzrə 1152 seçici qeydə alınıb. Onlardan 20 nəfəri ilk dəfə səs verəcək. Məntəqə üzrə 28 vətəndaşa qeydiyyatdançıxma vəsiqəsi verilib.

Rayonun Qullar kəndində yerləşən 21 saylı seçki məntəqəsində də prezident seçkilərinə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun təşkil olunub. Məntəqə kənddəki 1 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə üzrə 1194 seçici qeydə alınıb. Onlardan 15 nəfəri seçkilərdə ilk dəfə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31