Bu, Fransanın dövlət siyasətinə çevrilib-Sahil Kərimli- ÖZƏL

"Son illərdə Fransa Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdür və işğalçı Ermənistanın müdafiəsi ilə məşğuldur. Bu, Fransanın dövlət siyasətinə çevrilib".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Fransa Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi zəfərindən sonra bu qələbəni hələ də həzm edə bilmir və Azərbaycana qarşı bu cür təxribatçı siyasətə yol verir. Eyni zamanda Ermənistanın kütləvi silahlandırılmasını, yeni müharibəyə təhrik edilməsini də Fransa həyata keçirir. Bu gün Fransa Ermənistanla bərabər Cənubi Qafqazda sülhə və təhlükəsizliyə çox ciddi zərbələr vurur, onsuz da kövrək olan sülh prosesinə ciddi maneələr törədir. Əlbəttə ki, Fransanın bu gün Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasının qarşısını alması, eyni zamanda yeni müharibə ocağının yaradılması ilə bağlı Fransanın atdığı addımlar da göz önündədir. Bu, birbaşa olaraq bölgədə yeni müharibəni alovlandırmaq cəhdidir və əlbəttə ki, Fransa bununla Azərbaycana qarşı təzyiq göstərmək istəyir. Cənubi Qafqazda öz varlığını qoruyub saxlamaq, Ermənistandan alət kimi istifadə edərək öz istəyinə nail olmaq arzusundadır. Əgər bu gün Fransanın hər hansısa proseslərə ciddi müdaxiləsi və ya Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləmək cəhdi reallaşarsa, itirən yenə Fransanın özü olacaq. Bu prosesdə hansısa ölkələr öz maraqlarından çıxış edirlərsə, heç nəyə nail ola bilməyəcəklər. Çünki, ilk növbədə Azərbaycan çox güclü, qüdrətli ölkədir. Azərbaycanın çox güclü və qüdrətli ordusu var və bu ordunun qarşısında heç bir qüvvə dayana, Azərbaycana qarşı öz məkrli siyasətini həyata keçirə bilməz. Əgər belə cəhdlər olarsa, bu təhdidlərin qarşısı qətiyyətlə və ciddi şəkildə alınacaqdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31