Fransa Ermənistanı intensiv şəkildə yeni müharibəyə hazırlayır-Elçin Xalidbəyli- ÖZƏL
5 Fevral 2024 18:52 Siyasət"Avropa Birliyinin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşdirdiyi mülki müşahidə missiyasının özü də hərbi məqsədlər güdür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Bu mülki missiyanı əslində Avropa Birliyinin kəşfiyyat müşahidə missiyası da hesab etmək olar. Çünki, onlar Azərbaycan sərhədlərində müşahidələr apararaq müəyyən məlumatlar toplamağa çalışırlar. Bu, son vaxtlar özünü daha açıq şəkildə göstərir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Avropa Birliyinin kəşfiyyat müşahidə missiyasının Azərbaycan sərhəddinə yerləşdirilməsi də elə Fransanın qurduğu oyunlar nəticəsində mümkün olub. Yəni, bu, Fransanın təşəbbüsü ilə reallaşdırılıb. Avropa Birliyinin kəşfiyyat müşahidə missiyasının tərkibində əsasən fransız və almanlar təmsil olunur. Onlar kəşfiyyat məlumatları toplayırlar. Son vaxtlar Azərbaycan sərhəddində baş verən hadisələr də bunu təsdiqləyir. Çexiyalı agentin həbs olunması və nə qədər qəribə də olsa, Ermənistandakı Çexiya səfirinin tez, tələsik Azərbaycan sərhəddində həbs olunan həmin Çexiya vətandaşının Avropa Birliyi mülki müşahidə missiyası ilə heç bir əlaqəsi olmadığını bildirdi. Bu da şüphələri daha çox artırır. Eyni zamanda fransız hərbi mütəxəssislərin Ermənistanda təlim keçməsi, Fransanın yüksək rütbəli hərbiçilərinin Azərbaycan sərhəddində müşahidə aparmaları hansısa hadisələrin planlaşdırılmasından xəbər verir. Bu baxımdan bu ehtimal tamamilə inandırıcı görünür ki, Fransa Ermənistan vasitəsi ilə Azərbaycana qarşı yeni hərbi təxribat planlaşdırmış ola bilər. Ümumiyyətlə son vaxtlar baş verən hadisələr onu göstərir ki, Fransa Ermənistanı intensiv şəkildə yeni müharibəyə hazırlayır. Çalışır ki, Ermənistan və Azərbaycan arasında yeni hərbi, silahlı toqquşmalar baş versin. Bunun da nəticəsində Cənubi Qafqazda hərbi situasiya gərginləşmiş olsun. Fransa ümid edir ki, məhz belə bir hərbi qarşıdurma, gərginləşmə sayəsində Cənubi Qafqazda öz təsir dairəsini daha çox artıra bilər. Bu da bir daha göstərir ki, dünyada nüfuzu zəifləmiş Afrika qitəsindən qovulmaqda olan Fransa bütün itkilərini Cənubi Qafqazın hesabına kompensasiya etməyə çalışır. Onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycana qarşı yeni təzyiq mexanizmləri yaradılmasında tamamilə maraqlıdır. Çünki, Fransa Afrika qitəsindən qovulmaqda olduğu üçün Afrikada önəmli "uran qaynaq"larını itirmiş vəziyyətdədir. Fransa iqtisadiyyatı da həmin "uran qaynaq"larından ciddi şəkildə asılı vəziyyətdədir. İndi Fransa yeni "uran qaynaq"ları axtarışına çıxıb və bunu Orta Asiyada, xüsusilə də Qazaxıstanda tapıb. Hesab edir ki, Qazaxıstandan aldığı uran hesabına Afrikada itirdiyi "uran qaynaq"larını kompensasiya edəcək və Fransa iqtisadiyyatını yenə də ayaqda tutmağı bacaracaq. Amma burda bir problem var ki, Azərbaycan və Fransanın münasibətlərinin gərginləşməsi Fransanın Orta Asiyadan uran daşımasında ciddi problemə çevirilmək üzrədir. Çünki, hesab olunur ki, uranın yalnız quru yolu nəqliyyat vasitələri ilə danışması təhlükəsizdir. Bu məqsədlə istifadə olunacaq cəmi iki marşrut var. Bunun biri Rusiya ərazisindən keçir, Ukrayna savaşı baş verdiyinə görə bu marşrutdan istifadə etmək Fransanın imkanları xaricindədir. Geriyə yalnız Azərbaycan və Cənubi Qafqaz üzərindən keçəcək yol qalır. Azərbaycan isə böyük ehtimalla Azərbaycan və Fransa münasibətlərinin gərgin olması səbəbindən Orta Asiya uranının Fransaya daşınmasına icazə vermək niyyətində deyil. Ona görə də, Fransa əlavə olaraq Azərbayacana təzyiq göstərməyə çalışır ki, Orta Asiyadan daşıyacağı uran üçün marşrutun açılmasına imkan yaransın. Əsas ehtimal ondan ibarətdir ki, istənilən halda Fransa Cənubi Qafqazı qarışdırıb, gərginliyi artırıb, hərbi toqquşmalara səbəb olub, Ermənistan və Azərbaycan arasında müharibəni yenidən başladıb bu bölgədə arbitr roluna iddia edir. Hesab edir ki, bu yolla Cənubi Qafqazda yerləşib, mövqelərini möhkəmləndirə bilər.