Ermənistanın bu cəhdləri nəticə verəcək səviyyədə deyil-Oqtay Qasımov- ÖZƏL
5 Fevral 2024 18:44 Siyasət"Ermənistan 44 günlük müharibədən sonra ordunu yenidən qurmaq və onun yeni silah-sursat, hərbi texnika ilə təmin olunması istiqamətlərində addımlar atmağa başlayır".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"3 ildə silahlanmağa xərclənən vəsaitin həcmi bir neçə dəfə artıb. Bu da bölgədə ciddi şəkildə narahatlıq yaradan məqamdır. Papikyanın açıqlaması əvvəla onu göstərir ki, Ermənistan mümkün qədər Rusiyadan uzaqlaşmağa çalışır. Xüsusilə də silah-sursat, hərbi texnikanın alınmasında başqa istiqamətə yönəlmək istəyir. Bu istiqamətlərdən biri Fransa, digəri Hindistandır. Əlbəttə ki, digər ölkələr də bu siyahıda olacaq. Təbii ki, Ermənistanın milyardlarla vəsaiti silaha xərcləməsi bölgədə heç də sülhə xidmət etməyəcək. Bu da doğrudan da Ermənistanda müəyyən illuziyaya səbəb olub. Belə ki, bir çox siyasətçilər və ekspertlər Ermənistanı revanşa təhrik edir, o cümlədən Ermənistanın arxasında duran Fransa da məhz bu siyasəti aparır. Ermənistanın sürətlə silahlanmasına yardım etməklə bölgədə gərginliyin davamında maraqlıdır. İstisna olunmur ki, bu məhz Fransanın təhriki ilə hansısa təxribatlarda baş verə bilər. Bütün hallarda "Ermənistan silahlanır, Azərbaycan yerində durur" deyə bir anlayış yoxdur. Azərbaycan təbii ki, öz ordusunu gündən-günə gücləndirməklə məşğuldur və ordunun bütün təminatı, o cümlədən müasir silahların alınması əsas prioritet məsələlərdən biridir. Ermənistanın bütün bu cəhdləri hansısa bir nəticə verəcək səviyyədə deyil, əksinə Ermənistan hər hansısa bir revanşa və yaxud təxribata əl atarsa, o zaman bunun nəticələrinə ciddi şəkildə də qatlaşmalı olacaq".