Növbəti eskalasiya Ermənistanı fəlakətə sürükləyəcək-Əli Zülfüqaroğlu- ÖZƏL
5 Fevral 2024 16:29 Siyasət"Azərbaycanla Ermənistan arasında sülh prosesinin imzalanmasına mane olan və bölgədə yeni təxribat ocağı yaratmağa çalışan ölkələrin başında Fransa dayanır. Fransa maksimum çalışır ki, sülh prosesi imzalanmasın və bölgədə yeni qarşıdurma ocağı yaransın".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:
"Bununla da Fransa "Azərbaycan Ermənistana hücüm edir" görüntüsü yaratmaqla çalışır ki, bu istiqamətdə Qərbin, xüsusilə Avropa İttifaqının dəstəyini alsın. Beləliklə, bölgədə "Ermənistanı qorumaq" görüntüsü yaratmaqla Qərb Ermənistanda, dolayısı ilə Cənubi Qafqazda hərbi varlığını formalaşdırmasını legitimlədirsin. Bunun üçün Fransanın Azərbaycana qarşı Ermənistan üzərindən təxribat planlarının olması bəlli məsələdir. Amma planın olması hələ o demək deyil ki, bu plan reallaşa bilər. Çünki, Fransa mərkəzli Qərb nə qədər buna çalışsa da, hələlik Ermənistan üzərindən Azərbaycana qarşı ildırımsürətli hücum planının hazırlanması potensialı yoxdur. Azərbaycan Ermənistanla müqayisədə kifayət qədər hərbi və siyasi gücə sahibdir. Eyni zamanda Azərbaycan bölgədə söz sahibidir və uğurlu xarici siyasəti, xüsusilə də bölgə müstəvisində probleminin həlli prioritetlərini ortaya qoyması Azərbaycanın mövqeyinin bölgədəki ölkələr tərəfindən dəstəklənməsinə gətirib çıxarır. Bu da problemin həlli üçün və Azərbaycanın diplomatik masada əlini gücləndirməsi üçün çox vacib şərtlərdən biridir. Ona görə də, Qərb, xüsusilə Fransa bu istiqamətdə nə qədər fəaliyyət göstərsə, müxtəlif təxribat planları hazırlasa da, bunun reallaşacağı ehtimalı azdır. Hər hansı bir eskalasiya yaranacağı təqdirdə, bu Ermənistanı növbəti fəlakətə sürükləyəcək".