Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır- ÖZƏL
5 Fevral 2024 15:15 Siyasət"Regionda sülhün bərqərar olunması, Azərbaycanla Ermənistan arasında sülhün daimi olması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır". "Olaylar"ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva bildirib ki, Ermənistanın hazırda qüvvədə olan müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırışlar var: "Ermənistan Konstitusiyasında da bu öz əksini tapıb. Müsbət haldır ki, Ermənistan Konstitusiyası və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməsi üçün Ermənistanda müzakirələr aparılır. Ermənistanın Baş naziri Paşınyan ölkəsinin içtimai radiosuna müsahibəsində bu dəyişikliklərin aparılması qonşu dövlətlərlə sülhün yaranmasına şərait yaradacağı barədə fikirlər söyləmişdir. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar və dövlətlər Cənubi Qafqaz regionunda sülhün yaranmamasına, regionda vəziyyətin gərginləşməsinə xidmət edən siyasət həyata keçirir. Fransa dövləti Cənubi Qafqaz regionunda nüfuz sahibi olmaq siyasəti həyata keçirir və Ermənistanı silahlandırır".