Qələbələrimiz asanlıqla əldə olunmayıb- ÖZƏL

"İşğalçı Ermənistan 10 noyabr 2020-ci il tarixində bu ölkə üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalasa da, onun şərtlərini yerinə yetirmək istəmir və 10 mindən çox kontingentə malik hərbi hissələrini ərazilərimizdə saxlamaqda davam edirdi. Separatçıların və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdə qalması Azərbaycanın suverenliyi üçün təhdid mənbəyi idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ağalar Vəliyevin sözlərinə görə, təsadüfi deyil ki, separatçılar aldıqları təlimatlar əsasında vaxtaşırı genişmiqyaslı təxribatlara, o cümlədən mina terroruna əl atırdılar: "Qalib Azərbaycan öz ərazisində separatizm yuvasının qalmasına dözə bilməzdi. Bütün xəbərdarlıqların nəticə verməməsinə görə ordumuz Prezident, Müzəffər Ai Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ötən ilin sentyabrında 23 saatlıq lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bu tədbirlərin nəticəsi olaraq separatçılar "ağ bayraq" qaldırmaq məcburiyyətində qaldılar. Bir vaxtlar separatçıların liderləri iddialı danışaraq Bakıyadək gələcəklərini bildirirdilər. Bəli, onlar və erməni tankları indi Bakıdadırlar. Ancaq erməni tankları paytaxtımıza qənimət kimi gətirilib. Separatçıların liderləri isə Bakıda dəmir barmaqlıqlar arxasında onlara layiq olduqları cəzanın verilməsini gözləyirlər. Bunlar bir tərəfdən tarixin ironiyasıdır, digər tərəfdən isə "miatsum" xəyalları quran ermənilər üçün ibrət dərsi olmalıdır. Qələbələrimiz asanlıqla əldə olunmayıb, onları heç kəs bizə hədiyyə etməyib. "Dəmir yumruq" bizim gücümüzün və birliyimizin rəmzidir və həmişə də torpaqlarımıza göz dikən düşmənin başını əzməyə hazır vəziyyətdə olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31