Seymur Nəsirov: “Seçkilərdən sonra Azərbaycanımızın yeni inkişaf mərhələsinə uğurla qədəm qoymasının şahidi olacağıq”
5 Fevral 2024 10:12 Siyasət"7 fevral seçkilərindən sonra Azərbaycanımızın yeni inkişaf mərhələsinə uğurla qədəm qoymasının şahidi olacağıq". Bu fikirləri secki-2024.az saytına açıqlamasında "Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib.
Seymur Nəsirovun fikrincə, hər bir ölkənin inkişafında prezident seçkilərinin böyük əhəmiyyəti var: "Prezident seçkilərinin əhəmiyyəti xalqla iqtidar arasında vəhdətə xidmət edir. Xalq öz rəhbəri ilə nə qədər sıx birlik təşkil edirsə, həmin ölkə bir o qədər çox inkişaf edir. Dünyadakı proseslərə də nəzər salanda görürük ki, güclü lider hər zaman ölkəsini inkişafa aparır. Bunun üçün də seçkilərdə ən böyük əhəmiyyət ölkəni idarə edə biləcək layiqli şəxsin seçilməsidir".
Alim seçkilərin ölkə iqtisadiyyatındakı əhəmiyyətinə də toxunub.
"Hazırda görünən vəziyyət budur ki, bütün dünya üzrə hər hansı ölkəyə investisiya yatırmaq barədə müzakirələr zamanı ilk növbədə həmin ölkədə prezident seçkilərinin keçirilmə vaxtına, həmin ölkədəki sabitliyə diqqət yetirirlər. Biz bəzən belə fikirlə rastlaşırıq, deyilir ki, hansısa bir ölkədə prezident seçkiləri olsun və ondan sonra həmin ölkəyə kapital qoyuluşu məsələsi müzakirə edilə bilər, çünki yeni təyin olunan prezident yeni höküməti formalaşdırır, yeni siyasi kurs olur, fikirlər dəyişir və buna görə bütün bu amillər ölkənin gələcək inkişafına təsir edir. Bu nöqteyi-nəzərdən ölkənin prezidentinin seçilməsi çox böyük əhəmiyyət kəsb edir", - deyə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri vurğulayıb.
Təşkilat rəhbəri həmçinin ölkəmizin suverenliyini tam şəkildə bərpa edərək seçkilərə getməsini günümüzün reallıqlarından qaynaqlanan labüd bir hadisə kimi də qiymətləndirib. Onun sözlərinə görə, müstəqillik qazanandan indiyədək ilk dəfə seçkilərin işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi tarixi nailiyyətdir: "Keçmiş məcburi köçkünlər öz doğma yurdlarında səs verəcəklər və bu da hamıya böyük qürur hissi bəxş edir".
Seymur Nəsirov Azərbaycan xalqına müraciət edərək, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlıları seçkilərdə aktiv iştirak etməyə və bu seçkilərdə dövlətə daha da yüksək nailiyyətlər bəxş etməyə qadir namizədə səs verməyə çağırıb.