Mehman İsmayılov: “Prezident seçkilərinin ölkəmizin inkişafına çox mühüm müsbət təsirləri olacaq”
4 Fevral 2024 12:04 Siyasət"Dünyada son illərdə baş verən proseslər, həmçinin postmüharibə dövründə ortaya çıxan yeni reallıqlar prezident seçkilərinin təyin olunmasını qaçılmaz edirdi". Bu fikirləri secki-2024.az saytına açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov deyib.
O bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkilərinin ölkəmizin inkişafına çox mühüm müsbət təsirləri olacaq.
"Düşünürəm ki, Azərbaycanı həm daxilində, həm də ölkə xaricində daha da gücləndirəcək bu seçkilər eyni zamanda hər iki istiqamətdə yeni inkişaf yollarına qapı aralayacaq. Qlobal dünyada xalqların öz kimliklərini qoruyub saxlaması bu kimliklərin gücləndirilməsinə xidmət edən addımlardan asılıdır. Düşünürəm ki, növbədənkənar seçkilərdən sonrakı islahatlar kimliyimizi dünyada yaranan yeni təhdidlər qarşısında daha da möhkəmləndirəcək", - deyən Mehman İsmayılov vurğulayıb ki, xalqımızın uzun illərdən bəri gözlədiyi və nail olduğu zəfər yeni qələbələrin meydana çıxmasına şərait yaradıb.