Paşinyanın məqsədi Ermənistanı gələcək təhlükələrdən sığortalamaqdır-Əli Zülfüqaroğlu- ÖZƏL
2 Fevral 2024 16:54 Siyasət"Paşinyan çox gözəl başa düşür ki, hazırkı Ermənistanın Konstitusiyası ilə Azərbaycanla münasibətləri normallaşdırmaq mümkünsüzdür. Çünki, 1995-ci il işğal dönəmində qəbul edilən Ermənistanın əsas qanununda 1990-cı ildə hazırlanan Müstəqillik bəyannəməsinə istinad edilib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:
"Orada göstərilir ki, Ermənistan dövlətinin əsas hədəflərindən biri Müstəqillik bəyannaməsinin tələblərinin yerinə yetirilməsi olmalıdır. Müstəqillik bəyannaməsində isə Azərbaycan və Türkiyə ərazilərinə qarşı konkret iddialar var. Göstərilir ki, Artsax ideyaları, eyni zamanda "miatsum" ideyaları dəstəklənməlidir. Bundan başqa, Türkiyənin əraziləri Qərbi Ermənistan adlandırılır və qondarma erməni soyqırımının dünyada tanınması üçün Ermənistan dövlətinin dəstək verməli olduğu bildirilir. Bütün bunlar Azərbaycanla yanaşı qardaş Türkiyəyə qarşı da ərazi iddialarıdır. Bu iddialar faktiki olaraq aradan qaldırılsa da, yəni Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, qanunlarda da bu öz əksini tapmalıdır. Çünki, Ermənistan Konstitusiyasında bu məsələ qaldıqca, Ermənistanda formalaşacaq yeni hökümətlər buna istinad edərək yenidən Azərbaycana qarşı ərazi iddiaları qaldıra bilərlər. Yaxud həmişəki kimi, ənənəvi olaraq Ermənistan hökümətləri kənar güclərin aləti rolunda çıxış edərlərsə, o zaman bu təhlükə uzaq perspektivə qədər qalmaqda davam edəcək. Azərbaycan Prezidenti də məhz uzaq perspektivi əsas götürərək, bölgədə qalıcı sülhün təmin olunması üçün çalışır. Ermənistana mesajlar verir ki, Konsititusiya dəyişikliyi mütləq lazımdır. Paşinyan isə yeni Konsititusiyanın qəbul olunmasından danışır və bildirir ki, bu baş verməyəcəyi təqdirdə, Azərbaycan tərəfi haqlı olaraq bunu Azərbaycana qarşı ərazi iddiaları kimi qəbul edəcək. Azərbaycan bir günlük antiterror əməliyyatı zamanı da separatçı tör-töküntülərə konkret şəkildə bildirdi ki, onlar qanuni şəkildə də öz-özünü buraxmaq haqqında sənəd imzalamalıdır və bu həyata keçirildi. Beləliklə də, separatçılar özü öz gələcək "fəaliyyətlərini"n sonlandırılmasını qanuniləşdirdilər. Bu prosedur eyni zamanda Ermənistan höküməti üçün də keçərlidir. Çünki, gələcək perspektivlərdə yaranan təhlükələrin hüquqi cəhətdən aradan qaldırılması vacibdir. Ermənistan başa düşür ki, əgər konstruktiv addımlar atılmazsa, Azərbaycanın tələbləri həyata keçirilməzsə, o zaman üçüncü qüvvələr Ermənistan dövlətini də yenidən təhlükəli proseslərin içinə çəkərək, dövlətçiliyinin mövcudluğunu sual altına salacaq. Ona görə də, Paşinyanın əsas məqsədi Ermənistanı gələcək təhlükələrdən sığortalamaqdır".