Azərbaycan qalib tərəf kimi regionda şərtləri diktə edir-Tural İsmayılov- ÖZƏL
2 Fevral 2024 14:02 Siyasət"Əlbəttə ki, bu gün Azərbaycan və Ermənistan arasında sülhə maneçilik törədən məsələlərdən biri həm də Ermənistanın dövlət konstitusiyasının qeyri-uyğun olmağıdır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Çünki, Ermənistan konstitusiyasında Ermənistanın Dağlıq Qarabağ ifadəsindən istifadə etməsi, Azərbaycan ərazilərinin işğalı və qəsbkarlı planının davam etməsi məsələsi öz əksini tapır. Bu məsələ təkcə Azərbaycan ərazilərinə qarşı deyil, Türkiyəyə qarşı da belə ərazi iddiaları var. Bu gün Ermənistan öz konstitusiyasını dəyişmədikcə nə qədər sülhlə bağlı mövqeyi olduğunu ifadə etməyə çalışsa da çox açıq mənada həm Azərbaycan həm də Türkiyəylə düşmənçilik münasibətini davam etdirmiş kimi olur. Bir daha qeyd edirəm ki, konstitusiya bir dövlətin dövlət sənədidir. Bu dövlət sənədində Azərbaycan və Türkiyə ərazilərinə iddiaların əks olunmağı Ermənistanın Azərbaycan və Türkiyəylə münasibətlərində ciddi əngəllər törədir. Əslində Nikol Paşinyan hakiniyyətə gəldikdən sonra bu məsələni həll etməli idi, amma etmədi. Bu gün Azərbaycan qalib tərəf kimi regionda şərtləri diktə edir. Bu gün bizim qazandığımız qələbələr, torpaqlarımızı işğaldan azad etməyimiz və digər bir çox məsələlər bu mövzuda bizim haqqımızın tanınmağını zəruri edir. Bu haqqın tanınmağı da Ermənistan konstitusiyasında Azərbaycan əraziləri ilə bağlı boğazdan yuxarı heç bir ifadənin olmamağı ilə şərtlənir. Bu baxımdan hesab edirəm ki, Ermənistanda artıq konstitusiya islahatları olmalıdır, konstitusiya dəyişikliyi edilməlidir. Ermənistan hakimiyyəti müəyyən qədər gec addım atıb. Hər halda bundan sonra bu mənada əməli addımlara şahidlik etmək istərdik".