Norveçdəki Azərbaycan vətəndaşları üçün seçkilərlə bağlı maarifləndirmə işləri aparılıb

"Demokratik ənənələrə malik olan Azərbaycan 7 fevral prezident seçkilərində dünyaya növbəti dəfə ədalətli seçki nümunəsi göstərəcək. İndiyə qədər keçirilən seçkilərdə demokratik prinsiplərin qorunması bunu deməyə əsas verir". Bu fikirlərin secki-2024.az saytına açıqlamasında Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur deyib.

Diaspor təşkilatının sədri qeyd edib ki, Azərbaycan demokratik prinsiplərə uyğun seçkilərin keçirilməsinə görə Avropanın qabaqcıl ölkələrindən geri qalmır:

"Mükəmməl seçki qanunvericiliyi var, hər kəsin seçmək və seçilmək hüququ təmin olunur. Böyük şəhərlərdən tutmuş respublikanın ən ucqar kəndlərinə qədər hər yerdə seçki prosesi eyni qaydada təşkil edilir. Namizədlərin təşviqat kampaniyasına yaradılan bərabər şərait də Azərbaycanda demokratik seçki mühitinin göstəricilərindəndir".

Diaspor təşkilatının sədri seçkilərin Azərbaycanın hüdudlarından kənarda da mükəmməl şəkildə təşkil edildiyini vurğulayıb. O xatırladıb ki, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının da seçki hüququ təmin edilir.

"Norveçdə Azərbaycan vətəndaşlarının seçkilərlə bağlı maarifləndirilməsi prosesi davam edir. Onu da qeyd edim ki, İsveç Krallığında yerləşən Azərbaycan səfirliyi eyni zamanda, Norveç, Danimarka və Finlandiyanı da əhatə edir. Səfirlik vətəndaşlara mütəmadi şəkildə seçkidə iştirakla bağlı müraciətlər edir. Bu ölkələrdə aktiv olan diaspor təşkilatları da vətəndaşların məlumatlandırılması prosesində iştirak edir. Bu məqsədlə həm soydaşlarımızla birbaşa təmaslar qurulur, həm də media və sosial şəbəkələrdən istifadə edilir. "CAN" təşkilatı olaraq biz də öz rəsmi saytımızda Norveç dilində səsvermə ilə bağlı lazımı məlumatları yerləşdirmişik. Orada seçicilərin necə qeydiyyata düşməsindən tutmuş səsvermə prosesinin təşkilinə qədər bütün məlumatlar soydaşlarımıza təqdim edilir. İnanırıq ki, Skandinaviya ölkələrində yaşayan Azərbaycan vətəndaşları 7 fevral prezident seçkilərində aktiv şəkildə iştirak edəcək", - deyə diaspor təşkilatının sədri diqqətə çatdırıb.

Şervin Nəcəfpur 7 fevral prezident seçkilərinin ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilməsini və azad olunmuş ərazilərə qayıdan vətəndaşların öz doğma yurdlarında səsvermə hüququndan istifadə edə bilməsini tarixi hadisə adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31