Yeniyetmənin davranışlarına dözməyənlər gənclik meyvəsindən məhrum yaşayanlardır- ÖZƏL

"Gənclər güc, qüvvət və zəka fidanlığıdır. Necə yetişdirsən, elə də formalaşacaq. Uşaqlıqda öyrəndiyi davranışlarla könüllərə aydınlıq vəd edən bir cəngavər ola biləcəyi kimi, ömrü asıb-kəsməklə keçən bir cani də ola bilər. Bunlar gənclərin özünü fərqli hiss etməsinə, fiziki və əqli baxımdan durğun, əsəbi və qayğılı böyümələrinə səbəb ola bilir". "Olaylar" xəbər verir ki, bunu MCP sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib:  
"Daxili narahatlıq, vasvasılıq, tez reaksiya vermə, duyğuların ifadəsində ziqzaqlar, tez sevinmə və kədərlənmə, qərarsızlıq, çalışmalara marağın və diqqətin azalması, istəklərin artması, mənəmlik hissinin qabarması, qadağalara, öyüdlərə, xəbərdarlıqlara qarşı çıxmaq, qayda və məhdudiyyətlərin çoxluğundan sıxılmaq, dözümsüzlük, ailədən qopma meyli, evdən uzaq qalma istəyi, özünü haqlı-haqsız müdafiə və dalğınlıq, getdikcə bəzənməyə, geyimə, özünü fərqli göstərməyə düşkünlük, diqqətin yayınması, yaşıdları ilə çox vaxt birgə olma istəyi, onlarla özünü müqayisə, idmana meylin artması və bağlılıq, yaşıdları ilə ortaq bir dünya qurma xəyalları və onu qurmağa cəhd, səsin dəyişməsi, dilin dəyişdirilməsi, hal və hərəkətlərində dostlarına bənzəməyə cəhd, təqlid və özünü tapıb təqdim etmə, "mən də varam" görüntüsü, musiqiyə, əyləncəyə meyil və nəhayət, yoldaşları ilə birgə olma həvəsinin gerçəkləşməsi.
Bu sadalananlar gənclərin ətrafındakılar tərəfindən fərq edilmə və dəyər verilmə istəyindən irəli gələ bilər. Bir sözlə, yetkinlik çağında "mən artıq uşaq deyiləm" motivi ilə özünü təqdim etməyə ciddi səy göstərilir. 
Dövrün böyük alimlərindən biri yeniyetməlik çağının psixologiyasını fərqli aspektdən dəyərləndirir: "Gənclik damarı ağıldan çox hissiyyatı dinlər. Hiss və həvəs isə kordur, aqibəti görməz, bir dirhəm hazır ləzzəti, irəlidə bir batman ləzzətdən üstün tutar. Bir dəqiqə intiqam ləzzəti ilə qatil olar, səksən min saat həbs ələmlərini çəkər. Bir saat həzz keyfinə görə, bir namus məsələsində həm həbsin, həm düşmənlərinin verdiyi əzab-əziyyətlərlə, sıxıntılarla, ömrünün səadəti məhv olar." 
Yeniyetməlik çıx fırtınalı dövrdür. O, daim özü-özü və ətrafı ilə mübarizə vəziyyətindədir. Psixoloji baxımdan bunlar normal sayılır. 
Böyüklər uşaqları anlamağa çalışmalı, səbr etməlidir. Yeniyetmənin davranışlarına dözməyənlər, kiçik maneələri aşa bilməyənlər, dar dairədə boğulanlar gənclik meyvəsindən məhrum yaşayanlardır. Kiçik şeyləri problem edənlər böyük şeylərə yetişə bilməzlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31