Dəniz səviyyəsindən 1 200 metr yüksəklikdə yerləşən kənddəki məntəqə seçkiyə tam hazırdır
1 Fevral 2024 20:45 SiyasətQusar rayonunun Yerği Kek, Qax rayonunun Sarıbaş, Gədəbəy rayonunun Parakənd, Lerik rayonunun Siyov, Quba rayonunun Xınalıq və Cek kəndləri Azərbaycanın hündürlükdə yerləşən yaşayış massivləridirlər. Secki-2024.az saytı ucqar və yüksək hündürlüklü yaşayış massivlərində qurulmuş seçki məntəqələrində seçkiyə hazırlıq vəziyyətini araşdırıb.
İsmayıllı rayonunun Qalacıq kəndi də yüksək hündürlüklü yaşayış massivlərindəndir. 89 saylı İsmayıllı seçki dairəsinin Qalacıq kəndində yerləşən 32 saylı məntəqə seçki komissiyasının (MnSk) sədri Xanlar Şıxıyev saytımıza açıqlamasında qeyd edib ki, istənilən məsafədə yerləşən bütün məntəqələrdə demokratik və azad seçkilərin keçirilməsi üçün tam təminat yaradılıb:
"Qalacıq kəndi Azərbaycanın ən hündür yaşayış məskənlərindən biridir. Dəniz səviyyəsindən 1 200 metr yüksəklikdə yerləşən kəndimiz rayon mərkəzindən 30 kilomertr uzaqlıqdadır. Buna baxmayaraq, kəndimiz bütün ictimai-siyasi proseslərdə fəallığı ilə seçilir".
Xanlar Şıxıyev bildirib ki, kənddə yerləşən seçki məntəqəsi seçki prosesinə tam hazırdır. MnSK seçki vəsaitləri, yaddaş kitabçaları, təlimatlarla tam təmin edilib: "Seçki məntəqəsi üzrə 1 170 seçici qeydiyyatdadır. Onlardan 18 nəfər ilk dəfə səs verənlərdir. 55 seçici isə qeydiyyatdan çıxma vərəqəsi əldə edib. Məntəqə ərazisində ən yaşlı seçici 94 yaşlı Ağam Məlikovdur".
X.Şıxıyev onu da vurğulayıb ki, MnSk üzvləri müvafiq treninqlərdə iştirak edib. O əlavə edib ki, məntəqədə seçkilərin müşahidəsi prosesi ən yüksək səviyyədə təmin olunacaq.