Paşinyan Rusiyaya yönəlik siyasətində korrektələrə başlayıb-Züriyə Qarayeva- ÖZƏL

"Hesab edirəm ki, bu kompaniya Paşinyana qarşı Qərbdən başladılmış bir təxribatdır". 

Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a  açıqlamasında bildirib:

"Əvvəla daxili auditoriyaya yönlənib. Daxili auditoriya İrəvan administrasiyasının Qərbə yönəlik siyssət yürütməzsə başına gələcəkləri sanki öncədən bir xof olaraq gözlər önünə sərməyə çalışır. Digər tərəfdən Paşinyanın xüsusən son dövrlər Qərbə yönəlik siyasəti hazırki təxribat meyillərinin yaranmasına rəvac verib. Məlum məsələdir ki, uzun müddət Paşinyanın tamamilə Qərbə doğru yönəlməsi, Rusiya orbitindən kənarlaşması ilə bağlı əlindən gələni etməsi praktiki olaraq Ermənistana ciddi bir nəticə yaşatmadı. Ən son Sünikdə mülki müdafiə partiyasının iclasında Paşinyan və xarici işlər naziri Mirzoyan artıq Rusiyaya yönəlik siyasətində korrektələr etməli olduqlarını və Qərbə yönəlik siyasətin Ermənistana heç bir şey qazandırmadığını və Qərbin İrəvanın hazırki ritorikasını yetəri qədər qiymətləndirmədiyini dilə gətirmişdi. Hesab edirəm ki, bu bəyanat çərçivəsində atılan addımlar Qərbi bu təxribatlara yönləndirməyə vadar edir. Çünki, məsələ sadəcə səsləndirilən bəyanatlarda deyil, eyni zamanda, Paşinyan artıq Rusiyaya yönəlik siyasətində də həqiqətən korrektələrə başlayıb. Elə ən son Rusiyada MDB dövlət başçıları çərçivəsində keçirilən görüşə uzun müddətdən sonra qatılması və orda da verdiyi bəyanatlar bu siyasətin artıq bariz göstəriciləri idi. Digər tərəfdən Azərbaycanla da bağlı Paşinyanın artıq nisbətən loyal münasibət sərgiləməsi iki dövlət arasında SSRİ dağıldıqdan sonra ilk dəfə ortaq bəyannamə imzalanması, xoş niyyət göstəricisi olan addımların atılması Qərbi qıcıqlandırmamış deyil. Bunu eyni zamanda, Rusiyanın da təsirinin nəticəsi kimi qiymətləndirmək mümkündür. Çünki, hazırki mənzərədə Qərbin status-kvonun saxlanmasında marağı olması kontekstində əlbəttə ki, Rusiyanın daha əks mövqedə olması gözləniləndir. Hal-hazırda Rusiyanın da Qərb tərəfdən maksimum şəkildə blokadaya salınma siyasəti həyata keçirilir ki, blokada vəziyyətindən qurtulmanın hazırda yeganı yolu məhz kommunikasiya əlaqələrinin açılmasıdır. Əlbəttə ki, söhbət birmənalı olaraq Zəngəzur dəhlizindən gedir. Bu günə qədər İrəvanın Qərbin diktəsi ilə Zəngəzur dəhlizinin açılmasından yayınması Moskvanın maraqlarına uyğun deyildi. Amma Moskva hal-hazırda İrəvanı bu siyasətə məcbur etməyə yönələ bilər. Bu baxımdan düşünə bilərik ki, hal-hazırda Paşinyana qarşı müəyyən təhdidlər vardır. Armen Qriqoryanın bir fiqur olaraq irəli sürülməsi düşünmək olar ki, Qərbin planıdır, öz maraqlarını diktə etmək üçün hazırladığı kadrdır. Bu birbaşa olaraq Paşinyanı Azərbaycanla dialoqdan, Rusiya ilə yaxınlaşmadan yayındırmaq və birmənalı şəkildə Avropanın Qərbin masasında əyləşdirmək məqsədi daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31