Gürcüstanın nicatı Azərbaycan və Türkiyəsiz mümkün deyil - ÖZƏL

"Gürcüstan, ümumiyyətlə götürəndə bəzən bizi təəccübləndirəcək addımlar atır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Hələ Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalanması məsələsini bir kənara qoyaq. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı gerçəkləşdirilən kampaniyada biz Gürcüstanı öz yanımızda görmədik və bundan çox təəssüfləndik. Halbuki anti-Azərbaycan kampaniyasına qarşı çıxacaq dövlətlər arasında Gürcüstanın olması mütləq idi. Niyə? Ona görə ki, Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə Gürcüstanın daim ayaqda dura bilməsi üçün əlindən gələni edir. Yəni həm Azərbaycan, həm Türkiyə Gürcüstan üçün daimi nəfəslik rolunu oynayır. Rusiya Gürcüstanı uzun illərdir küncə sıxışdırıb, üstəlik də Ermənistan üzərindən nəsə edə biləcəkləri mümkün deyil. Yəni onların dünyaya quru çıxışı, Azərbaycan və Türkiyə üzərindəndir və bu məsələlərdə də hər iki dövlət Gürcüstana mümkün olan bütün dəstəyi verib. Belə bir şəraitdə Gürcüstan təbiidir ki, strateji tərəfdaşlıq məsələlərində Ermənistanla münasibətlərə bir qədər ehtiyatlı yanaşmalıdır. Özünü düşünürsə bu dövlət, əlbəttə yanaşmalıdır. Amma təəssüflər olsun ki, bəzən bu cür davranışları sərgiləyirlər. Qeyd etdiyim kimi, AŞPA-dakı o davranış, ardından da Ermənistanla bu cür "cici-bacı" olmaları əlbəttə ki, bu xoş bir şey deyil. Amma bir şeyi də unudurlar ki, yenə də hara hərlənib-fırlanıb getsələr də, onların nicatı Azərbaycan və Türkiyəsiz mümkün deyil. Yəni Rusiya ilə münasibətlər qırılıb, Ermənistan da nicat yolu deyil. Qalır Azərbaycan və Türkiyə. Mən düşünürəm ki, Gürcüstanda bu cür məsələləri daha ciddi şəkildə diqqətə alsalar, özlərinə fayda vermiş olarlar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31