Bu iki səbəblə əlaqəlidir. Birincisi, Ermənistanın müharibədən məğlub ayrılması...-Sultan Zahidov- ÖZƏL
1 Fevral 2024 16:38 Siyasət"Ermənistan siyasi elitasında bir neçə gündür daxili ixtilaflar və çaxnaşmalar davam edir. Bunun da bir sıra səbəbləri var".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Əsas səbəblərdən biri də odur ki, Paşinyanla siyasi elitasının bəzi üzvləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında müəyyən fikir ayrılıqları yaranıb. Armen Qriqoryan hətta Paşinyanın mülki müqavilə partiyasının deputatları ilə də söz savaşına daxil olur. Bu da onu göstərir ki, ölkə daxilində ciddi siyasi böhran baş verməkdədir. Əslində bu siyasi böhran artıq bir neçə ildir baş verir. Bu da iki səbəblə əlaqəlidir. Birincisi, Ermənistanın müharibədən məğlub olaraq ayrılması, ikincisi isə Ermənistanın öz siyasi kursunu hələ də müəyyənləşdirə bilməməsi. Hal-hazırda Ermənistan Qərblə Rusiya arasında drift edən bir ölkəyə bənzəyir. Gah Qərbdən himayə diləyir, gah Rusiyadan. Bütün bunların fonunda sözsüz ki, həmin ölkələr də Cənubi Qafqazda maraqları və geosiyasi nüfuz rəqabəti fonunda Ermənistandan istifadə etməyə çalışırlar. İndiki məqam ondan ibarətdir ki, Paşinyan hal-hazırda heç də Qərbin maraqlarını tam şəkildə yerinə yetirən biri deyildir. Biz bilirik ki, son bir neçə ayda Rusiya ilə müəyyən qədər yaxınlaşma siyasətini həyata keçirmiş, hətta dekabrda MDB-nin qeyri-rəsmi sammitinə də qatılmışdı. Bütün bunlar Qərbin regiondakı planlarına sözsüz ki, xidmət etmir. Belə olan halda Qərb B planını-yəni Paşinyana alternativ birinin hakimiyyətə gətirilməsi variantını nəzərdən keçirir. Bu baxımdan da ən real namizəd kimi Armen Qriqoryam göstərilir. Hər nə qədər Paşinyan qərbyönlü biri olsa da Armen Qriqoryan birmənalı şəkildə Qərbin əsas fiquru kimi bir çox media platformalarında qələmə verilir. Xatırlatmaq lazımdır ki, Rusiya ilə münasibətlərin gərginləşdirilməsində də əsas rollardan birini məhz Armen Qriqoryan oynayıb. Onun Rusiyayla bağlı sərt fikirləri, "Ermənistan KTMT-dən uzaqlaşmalıdır", "Rusiya ilə hərbi sazişə yenidən baxılmalıdır" və s. kimi açıqlamaları sözsüz ki, Rusiyanı hiddətləndirən amilıərdən biri oldu. Bu da onsuz da gərgin vəziyyətdə olan iki ölkə arasındakı münasibətləri daha da uçuruma doğru sürüklədi. İndiki halda Paşinyanın bu cür mövqeyi və bu siyasi kursu Qərbi bir növ əsas dəstəyi Armen Qriqoryana verməyə vadar edə bilər. Sual yaranır ki, Armen Qriqoryan hakimiyyətə gələrsə region və Ermənistan üçün nə dəyişəcək? Ermənistan üçün elə bir ciddi dəyişikliyin olacağına inanmıram. Çünki, Ermənistan onsuz da böhranlı vəziyyətdə idi, gələcəyiylə bağlı aydın mövqeyi yox idi, sosial-iqtisadi düşüş yaşayırdı, qonşuları ilə problemli münasibətləri var idi. Armen Qriqoryan gələcəksə, o da Paşinyam kimi qərbyönümlü siyasəti davam etdirəcək. Ermənistan yenə də Fransa kimi ölkələrin Cənubi Qafqazda proksi qüvvəsi rolunda çıxış edəcək. Region üçün bunun daha mənfi nəticələri ola bilər. Rusiyanın Qriqoryan kimi birini hakimiyyətdə görmək istəmədiyi açıq-aşkar bəllidir. Armen Qriqoryanın hakimiyyətə gəlməsi Rusiyanın ölkəyə birbaşa müdaxiləsi və rejim dəyişikliyi ilə nəticələnə bilər. Bütün bunlar eyni zamanda da sülh prosesinə mənfi təsir göstərəcək. Paşinyan onsuz da gah nala, gah mıxa vururdu. Armen Qriqoryanın ondan fərqli siyasət yürüdəcəyini zənn etmirən. Çünki, göstərişləri hər iki tərəf də eyni istiqamətdən-Qərbdən alırlar. Bu da sülh prosesinin yubadılmasına , ümumiyyətlə, regionda sabitlik və əmin-amanlığın təmin olunmasına maneçilik törədən əsas amillərdən biridir. Ermənistanın ümumiyyətlə, hazırki mövqeyi, daha dəqiq desək, mövqesizliyi onun heç də Cənubi Qafqazdakı maraqlarına xidmət etmir. Ermənistan xalqının maraqlarına xidmət etmir. Çünki, Ermənistan hazırda elə bir mövqe nümayiş etdirir ki, həm dəqiq siyasi kursu bəlli deyil, həm qonşularla münasibətlərində ciddi problemlər var, həm də ki, Azərbaycanla sülh prosesini yubadır. Bu da sözsüz ki, ölkənin irəli getməsinə, inkişag etməsinə ciddi maneçilik törədir. Burada məsələ ondan ibarətdir ki, Ermənistan üçün ən real kurs balanslı siyasət yürütmək, Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək, Türkiyə, Azərbaycanla münasibətlərində müsbət addımlar atmaq olardı ki, belə olan halda həm region üçün həm Ermənistan üçün müsbət nəticələr hasil olardı. İndiki halda Ermənistanın qərbyönümlü siyasəti, o cümlədən NATO-dan, Avropa Birliyindən dən vurması, sözsüz ki, Cənubi Qafqazın təhlükəsizlik sisteminə yeni təhdidlər gətirir. O təhdid daha dəqiq bundan ibarətdir. Biz bilirik ki, NATO Rusiya üçün bir "Domokl qılıncı"dır. Heç bir halda Rusiya bu günə kimi postsovet məkanı ölkələrinin NATO-ya yaxınlaşmasını həzm edə bilməyib. Hətta Mariya Zaxarovanın ötən günki açıqlamasına da baxsaq görərik ki, Ermənistanın NATO-ya doğru istiqamətlənməsi ona heç bir xeyir verməyəcək. Hətta digər ölkələrdən misallar çəkdi ki, onların NATO-ya yaxınlaşma cəhdləri bir fayda vermədi. Mən bu misalın arxasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova tərəfindın həm də gizlin bir təhdid də görürəm. Əgər Ermənistan da belə bir addım atarsa, NATO ilə əməkdaşlığı sıxlaşdırarsa bu Ermənistan üçün ciddi nəticələr hasil edə bilər. Zaxarova özü də qeyd etdi ki, bu təhlükəli bir oyundur. Ermənistan bu vəziyyəti düzgün qiymətləndirməli və NATO məsələsini gündəmə gətirməməlidir. Bütün bunlar onu bildirir ki, regiondakı sülh və sabitlik hələ də üfüqdə görsənmir. Bunun da əsas səbəbi birincisi, Ermənistanın sabit siyasi mövqe nümayiş etdirməməsi, ikincisi isə Cənubi Qafqaz regionunda böyük güclər və regional güclər arasında gedən geosiyasiyasi rəqabət, kirli oyunlardır".