Gürcüstan  Azərbaycansız regionda elə bir çəkisi olan ölkə deyil- ÖZƏL

"Azərbaycanın nəqliyyat habına çevrilməsinin Tiflisdə qısqanclıqla qarşılandığını demək bir qədər tezdir". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bu gün Gürcüstan  Azərbaycansız regionda elə bir çəkisi olan ölkə deyil. Real yanaşmaq lazımdır ki, Azərbaycan bu gün Gürcüstanı enerji məsələləri ilə təmin edir, özü də ucuz neft və qaz satırıq. Bunun müqabilində isə Gürcüstan ərazisindən TANAP və TAP layihələri keçir. Daha doğrusu, TANAP layihəsi keçir, TAP layihəsi onun ardı olaraq Yunanıstan və Almaniyadan keçir. Bu gün Azərbaycan enerji layihələri Avropa bazarına çıxışı Gürcüstan üzərindən təmin edilir. Yəni faktiki olaraq Azərbaycan nəqliyyat habına çevrilirsə. burda Gürcüstana da pay veririk. Biz, yəni mən bu mənada Gürcüstanın bizə qısqandığını düşünmürəm. Əksinə, Gürcüstanın bizə ehtiyacı var və Gürcüstanın bizə qarşı əks bir addım ata bilməsi real deyil. Misal üçün, Azərbaycan İran vasitəsilə Avropaya qaz nəql edə bilər. Yəni birbaşa Naxçıvan üzərindən bunu edə bilər. Amma bu zaman Gürcüstan kənarda qalacaqdır. Gürcüstan bu riskləri hər zaman bilir və Rusiyadan daha baha qiymətə qaz, neft almaqdansa, Azərbaycanda ucuz neft və qaz alır və belə deyək, biz Gürcüstanın bu təminatını ödəyirik. 

Gürcüstanın bizə ehtiyacı var. Siyasi baxımdan da bu belədir. İki ölkə arasında hərbi əməkdaşlıq da var, siyasi əməkdaşlıq da var. Gürcüstanın Ermənistanla da münasibətləri var, aydın məsələdir. Yəni indi iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalanmasında qeyri-adi heç nə görməzdim. Çünki Azərbaycan da bu strateji tərəfdaşlıqda var və bu daha geniş bir strateji tərəfdaşlıqdır. 

Gürcüstan bizim regionda tərəfdaşımızdır, əməkdaş olduğumuz ölkədir, regionda ən yaxşı münasibətlərdən birinə malik olduğumuz bir ölkədir. Amma bəli, bunu qısqanclıqdan çox müəyyən bir qorxu kimi qiymətləndirə bilərik ki, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması fonunda Azərbaycanın mövcud nəqliyyat və enerji infrastrukturlarını öz Gürcüstan ərazisindən Ermənistan ərazisinə keçirə biləcəyini düşünür. Bəli, bizim belə planlarımız var. Prinsip etibarilə, Zəngəzur layihəsi təkcə nəqliyyat-kommunikasiya deyil, həm də enerji resursları ilə bağlı bir məsələdir və deyə bilərəm ki, Azərbaycan bu layihələri Gürcüstan üçün risk faktı daşımır, əksinə, Azərbaycanın Avropa bazarına nəql etdiyi qazın və neftin həcmini artırmaq istəyir. Bu istiqamətdə də biz İranla və Gürcüstanla əməkdaşlıq edirik. Amma Ermənistanla gələcəkdə əməkdaşlıq edə bilərik və bu zaman biz sadəcə yeni layihələr icra edə bilərik və bu, Gürcüstanın layihələrinin kənarda qalacağı və yaxud da Gürcüstanın mövcud layihələrinin sıradan çıxacağı mənasına gəlmir. Yenə deyirəm, bizim məqsədimiz mövcud nəql etdiyimiz enerji resurslarının həcmini artırmaqdır. Həcm artırmaq isə köhnə infrastrukturu məhv etmək deyil, əksinə, onları inkişaf etdirmək, yeni layihələr imza atmaq və yeni layihələr ərsəyə gətirməkdir. Yəni burada Azərbaycan, Gürcüstana da, Ermənistana da, İran özünün də pay ayırıbdır. Məsələ burada hansı dövlətin necə istifadə edəcəyindən gedir. Əgər Ermənistan tərəfi Azərbaycanın bu təklifləri düzgün qiymətləndirib dəyərləndirməsə, Təbii ki, biz Gürcüstanla davam etdirəcəyik. Yox, Ermənistan tərəfi də bu prosesə qoşulmaq istəsə, Gürcüstanla münasibətlərimizi korlanmayacaq. Əksinə, münasibətlərimiz daha da inkişaf edə bilər. 

Əlbəttə ki, indi biz qonşularımızdan, çox zaman yaxşı münasibət görmürük. Məsələn,Gürcüstan özü də  bizi AŞPA tədbirində tək qoydu. Amma biz bununla belə rəsmi Tiflislə münasibətlərimizi korlamayacağıq. Aydın məsələdir ki, burada hökumətlər təmsil olunub və Azərbaycan-Gürcüstan köklü münasibətləri belə bir məsələyə görə korlanmayacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31