Qərb üçün Paşinyanın istifadə müddəti hələ bitməyib-Əli Zülfüqaroğlu- ÖZƏL
1 Fevral 2024 16:12 Siyasət"Ermənistanda Qərb-Rusiya oyunu və qarşıdurması hər zaman olduğu kimi, indi də davam edir. Ermənistanın Baş naziri Nikon Paşinyanın Qərb tərəfindən hakimiyyətə gətirilməsi hər kəsə bəllidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:
"Eyni zamanda Qərbin bir xüsusiyyəti var ki, istifadə etdiyi kadrlarını, eyni zamanda siyasətçilərini istifadə müddəti başa çatandan sonra qurban verir və onu yenisi ilə əvəzləyir. Bu mənada Qriqoryan və digər hər hansısa bir Qərb namizədinin Paşinyanı əvəzləyəcəyi yaxın gələcəkdə, perspektivdə mümkün ola bilər. Düşünmürəm ki, indiki situasiyada Paşinyanın istifadə müddəti bitib. Çünki, Paşinyan hələ də Qərbin tezislərindən çıxmır və Qərbin ona diqtə etdiyi əmrləri icra etməklə məşğuldur. Məhz bunun nəticəsidir ki, Paşinyan Azərbaycan tərəfinin heç bir halda qəbul etmədiyi, ümumiyyətlə konstruktiv olmayan təkliflər irəli sürür ki, bu da sülh prosesinin uzanmasına və hazırkı statusun saxlanılmasına hesablanıb. Bu baxımdan Qərbin hələ Paşinyanın üzərindən xətt çəkməsi ehtimalı, düşünürəm ki, azdır. Amma dolayısı ilə Qərbin istifadə edib, sonra qurbana çevirdiyi kifayət qədər nümunələr var. Məsələn, yaxın keçmişdə olan Saakaşvilini misal göstərmək olar. Eyni zamanda, Zelenskinin də siyasi kariyerasını bitmiş saymaq olar. Amma Paşinyan üçün indiki məqamda bunu demək tezdir. Çünki, dediyim kimi Paşinyan Qərbin əmrlərini icra etməklə məşğuldur və müstəqil siyasət yürütmür. Hələ ki, Paşinyanın üzərindən "xətt çəkilməyib". Daha dəqiq desək, Paşinyanın istifadə müddəti hələ Qərb üçün bitməyib".