ABŞ və Qərb Paşinyanı əvəzləyəcək şəxsi müəyyən edib-Elçin Xalidbəyli- ÖZƏL
1 Fevral 2024 16:11 Siyasət"Son vaxtlar Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətinə həqiqətən də müəyyən problemlər yaranmağa başlayıb. Paşinyan hakimiyyəti hazırda iki istiqamətdən çarpaz təzyiqlər altındadır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Bir tərəfdən Rusiya sərt şəkildə təzyiq göstərir ki, Paşinyan hakimiyyəti Rusiyanın geopolitik maraqlarına daha həssas yanaşsın. Xüsusən də, Kremlin əsas tələbləri ondan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mütləq razılıq verməlidir və həmin dəhlizə də məhz Rusiya Federal Təhlükəsizlik Xidmərinin Sərhəd Qoşunları nəzarət etməlidir. Hazırda rəsmi İrəvan Kremlin belə sərt təzyiqi ilə üzləşmiş görünür. Digər tərəfdən Paşinyan hakimiyyətinin iki stulda oturmaq siyasəti artıq Ermənistana kifayət qədər ciddi problemlər yaratmağa başlayıb. Çünki, ABŞ və Qərb də Paşinyan hakimiyyətinə konkret tələblər irəli sürür. Həmin tələblər əsasən Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri ilə bağlı konkret addımların atılmasını tələb edir. Bu da ondan ibarətdir ki, ABŞ və Qərb istəyir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, MDB-dən, eyni zamanda Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə rəsmi bəyanat versin. Artıq bu barədə açıq mesajlar verdi ki, bu bəyanatların gecikdirilməsi ABŞ və Qərbin maraqlarına tamamilə ziddir. İndiki situasiyada Paşinyan hakimiyyətinin bu tələbləri yerinə yetirməsi o qədər də inandırıcı deyil, çünki, bu Ermənistan üçün daha ağır nəticələr verə bilər. Çünki, rəsmi İrəvan Ermənistanın Rusiyanın patronajlığı altında olan qurumlardan çıxması haqqında qərar verərsə, bu halda Rusiya artıq Ermənistana münasibətdə konkret radikal addımlar atmaq məcburiyyətində qalar və bu addımların sırasında ilk olaraq Ermənistana qaz nəqlinin dayandırılması gözlənilir. Bu addım atılarsa, o zaman Ermənistan çox ciddi enerji böhranı ilə üzləşmiş olacaq. Üstəlik Ermənistanın Rusiya qarşısında da çoxlu borcu yaranıb. O borcun ödənməsi də tələb oluna bilər. Eyni zamanda təbii qaza görə ödənilən məbləğin dünya bazarlarındakı qiymətlərə uyğunlaşdırılması da gündəmə gətirilə bilər. Yəni Ermənistan üçün çox ağır bir situasiya gözlənilə bilir. Belə situasiyada rəsmi İrəvanın belə qərar qəbul etməsi, Rusiyaya qarşı konkret addımlar atması o qədər də asan deyil. Ancaq ABŞ və Qərbin Paşinyan hakimiyyətinə münasibətində belə anlaşılır ki, uzun müddət səbr göstərmək niyyətində deyil. Ermənistan mətbuatına sızan məlumatlara görə Paşinyanım yaxın ətrafı Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Qərblə anlaşdığını düşünürlər. Hesab edirlər ki, Armen Qriqoryan hakimiyyətə gətiriləcəyi təqdirdə Paşinyanın indiyə qədər Rusiyaya qarşı addım atmağa cəsarət göstərmədiyi addımları atmağa hazır olduğu barədə anlaşma əldə edib. Bütün bu situasiyada belə anlaşılır ki, ABŞ və Qərb konkret olaraq Ermənistandan Rusiyaya qarşı açıq addımlar gözləyir. Paşinyan hakimiyyəti bunu etməyə cəsarət göstərmir. Buna paralel olaraq da ABŞ və Qərb Paşinyanı əvəzləyəcək şəxsi müəyyən edib və yaxın vaxtlarda da əgər ABŞ və Qərbin Paşinyan hakimiyyətindən, şəxsən Baş nazir Nikol Paşinyanın özündən gözləntiləri doğrulmazsa, o zaman Ermənistanda hakimiyyətin Paşinyandan Armen Qriqoryana ötürülməsi prosesinə start verilə bilər. Bu da o deməkdir ki, hazırda Ermənistan Rusiya və ABŞ-Qərb arasında bir çəkişmə poliqonuna çevrilib. Orada Ermənistanın gələcək taleyi də ABŞ və Qərbin Rusiya ilə Ermənistan uğrunda apardığı mübarizənin yekun nəticələrindən asılı olacaq".