Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb-Yusif Bağırzadə- ÖZƏL

Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.
1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" və "Qızıl kitab"a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Daha sonra Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlandı.
Ümummilli lider Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" Fərman, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi,  Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzinin yaradılması və s. bu istiqamətdə görülmüş işlər gənclərimizin inkişafı üçün olduqca əlverişli şərait yaratmışdır. Ulu öndər həmçinin xarici ölkələrdə gənclərimizin təhsil alması üçün də bir sıra mühüm qərarlara imza atmışdır. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. Məhz bu qayğının nəticsəi idi ki, artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. 
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Belə ki, dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" kimi mühüm proqramlar təsdiq edilib.
Gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi istiqamətində də xeyli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Bu proqram çərçivəsində ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Gənclərin təşkilatlanmasına və ictimai fəaliyyətinin stimullaşdırılması isitqamətində də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. 
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə on min manat məbləğində verilir.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində dayanan ən vacib xətlərdən biri də heç şübhəsiz ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Məhz buna görə də gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində olduqca mühüm fəaliyyət həyata keçirilmişdir.  Azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin gənclər arasında geniş təbliği üçün mütəmadi şəkildə tədbirlər keçirimiş, sərəncam və fərmanlar verilmişdir. Bu istiqamətdə fəaliyyət, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı da məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Gənclər siyasətindən irəli gələn çağırışların həyata keçirilməsində şübhəsiz ki, Heydər Əliyev Fondu da misilsiz töhfələr vermişdir. Uzun illərdir ki, gənclərin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31