Bizi qarşıda hələ də ciddi sınaqlar gözləyəcək-Oqtay Qasımov- ÖZƏL
31 Yanvar 2024 21:34 Siyasət"ABŞ hal-hazırda Güney Qafqazda öz mövelərini möhkəmləndirməyə çalışır və Ermənistandan istifadə etməklə Azərbaycana təzyiq edir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"ABŞ həm Azərbaycanın öz ərazilərini işğaldan azad edib suverenliyini tam şəkildə bərpa etməsindən heç də məmnun deyil, bu açıq qeyd olunmalıdır. Çünki, uzun müddətdən bəri ATƏT-in MİNSK qrupu çətiri altında Amerika və digər bölgədə marağı olan dövlətlər Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsinin və Azərbaycanın ərazilərinin işğal altında qalmasında maraqlı idilər. Bununla da onlar bölgə ilə bağlı öz planlarını həyata keçirirdilər. Azərbaycan bu sindromu qıraraq öz torpaqlarını azad etməklə bu planları pozdu. Bu planların pozulması ilə bölgədə yeni reallıqlar yarandı ki, bu reallıqları Amerika və digər böyük dövlətlər qəbul etmək istəmirlər. ABŞ təbii ki, qlobal səviyyədə Rusiya və Çinlə o cümlədən, İranla rəqabətdədir. Onlara qarşı həmlələr etməkdədir. Bu strategiyanın həyata keçirilməsi üçün Orta Asiyada möhkəmlənməsinə ciddi ehtiyac var. ABŞ bu bölgədə yerləşərkən əlbəttə ki, Güney Qafqazın nə qədər strateji mövqeyə sahib olduğunu çox yaxşı bilir. İstəyir ki, bölgənin dövlətləri o cümlədən də Azərbaycan onun iradəsinə tam şəkildə təslim olsun və Amerika bölgəyə tam şəkildə nəzarət edərək burada öz nüfus dairəsini təsis etsin ki, burada Çinə, Rusiyaya qarşı öz siyasətini həyata keçirsin. Təbii ki, Azərbaycan bölgədə yeni reallıqlar yaratmış, bununla da özünün həm geostrateji həm də coğrafi mənada, enerji mənbəyi olan dövlət kimi əhəmiyyətini ciddi şəkildə artırmış, eyni zamanda, bu bölgədə olan orta dəhliz Azərbaycan ərazisindən keçdiyinə görə Azərbaycanın önəmi həddən artıqdır. Amerika isə bütün bunlara nəzarət etmək istəyir. Bu baxımdan Azərbaycana qarşı müxtəlif təzyiqlər edilir, basqılar qurulur. Amma Azərbaycan təbii ki, bu cür kobud və qəbul edilməz basqıları qəbul etmir. Bu da Amerikanı ciddi şəkildə qəzəbləndirir. Məhz bu baxımdan Amerika son dövrlər Azərbaycana qarşı ənənəvi olan insan haqları, demokratiya kimi ifadələrdən istifadə etməklə təzyiq qurmağa çalışır. Xüsusilə də təxminən bir ay öncə guya dini tolerantlığın olmadığı ölkə kimi qiymətləndirilməyi Azərbaycanla Amerika arasında ciddi şəkildə münasibətləri gərdi. Azərbaycana təzyiq mexanizmləri də əslində Amerika tərəfindən idarə olunmaqdadır. Məhz Avropa təsisatlarından Azərbaycana edilən həmlələr həm də birbaşa Amerikanın təlimatları ilə həyata keçirilir. Belə ki, ABŞ Güney Qafqazda Fransanın fəaliyyətinə yaşıl işıq yandırıb. Digər təsisatlar da məhz bu təlimatlata uyğun hərəkətə keçiblər. Bu baxımdan əlbəttə ki, bizi qarşıda hələ də ciddi sınaqlar gözləyəcək. Nəzərə alsaq ki, ABŞ-də də bu il seçki ilidir. Bu seçkilərdə ermənilərin, erməni lobbisinin imkanlarından və səsindən istifadə etmək istəyən namizədlər və qüvvələr bu mövzunu ciddi şəkildə istismar edəcəklər".