Azərbaycan daha sürətlə dəyişən ölkə imici qazanıb- ÖZƏL

"Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini 2003-cü il seçimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtida­rında olan yeni Liderini - İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi. İlham Əliyevin əvvəlki dövrdə çalışdığı rəhbər və­zifələrdə özünü doğrultması, ən baş­lıcası isə Ümummilli Lider Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili İmamverdi İsmayılov deyib:  
"Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz Liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbələr qazandı. Yeni əsrin yeni Lideri İlham Əliyev 20 ildən artıqdır ki, Azərbaycanı bu dövlətin qurucusu Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəli aparır, xalqımıza tarixi uğurlar qazandırır".
Millət vəkili bildirib ki, 2003-cü ildən ölkədə yeni sosial-iqtisadi inkişaf modelinə keçidə start verildi: "Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühitin yaradılması, sosial məsələlərin həlli üzrə sürətli addımlar atıldı. Dövlət başçısının həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyasına əsasən ölkənin regionlarının davamlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yarandı. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanındı, həm də daha sürətlə dəyişən ölkə imici qazandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31