Bu oyunlar Ermənistana dividend yox, mənfi nəticələr gətirəcək-Əli Zülfüqaroğlu -ÖZƏL
31 Yanvar 2024 09:00 Siyasət"Paşinyan bu açıqlama ilə növbəti hiyləgər gediş edib. O, özünü sülh tərəfdarı kimi göstərməklə yanaşı, eyni zamanda məğlub durumda olduğu halda müəyyən dividendlər qazanmağa çalışır. Azərbaycan bundan sonra öz ədalətli, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn şərtlərini Ermənistan qəbul etməyəcəyi halda, bunu hərbi variantla həyata keçirə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:
"Ona görə də, Azərbaycanın bu hüququnu əlindən almaq üçün bu tipli razılıq əldə etməyə çalışır. Təbii ki, Azərbaycanın bununla razılaşması mümkün deyil. Son proseslərdə görünür ki, Azərbaycanın Ermənistana etdiyi təkliflər cavabsız qalır və Ermənistan maksimum çalışır ki, sovet dönəmində hədiyyə olaraq verilən ərazilər onlarda qalsın. Buna görə də, 1975-ci ilin xəritələri ilə sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin öz həllini tapması təklifini irəli sürür. Təbii ki, Azərbaycan bununla heç bir halda razılaşmayacaq. Əvvəlki dönəmlərdə itirilən ərazilərlə bağlı məsələnin gündəmə gəlməsini və daha öncəki xəritələrə istinad olunmasını tələb olaraq ortaya qoyur. Digər bir məsələ isə silahlara nəzarətlə bağlı paktın imzalanmasını. Ermənistan çox gözəl bilir ki, Azərbaycan heç bir halda buna getməyəcək. Bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan özünü dünyaya sülh tərafdarı kimi göstərməklə yanaşı, sülh prosesinin uzanmasının məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır. İstənilən halda Azərbaycan Paşinyanın bu cür oyunlarını çox görüb. Hesab edirəm ki, bundan sonra da bu cür oyunlar Ermənistana dividend yox, mənfi nəticələr gətirəcək".