Bunlar hamısı Azərbaycanın irəli sürdüyü 5 baza təklifinin içərisində mövcuddur-Oqtay Qasımov- ÖZƏL

"Ermənistan baş naziri ənənəvi olaraq ziddiyyətli açıqlamalar verməkdə davam etməkdədir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Daha doğrusu, Nikol Paşinyan sülh müqaviləsindən yayınmaq üçün müxtəlif terminlərlə manipulyasiya etməklə məşğuldur. Bir müddət öncə də o, Azərbaycanla guya silahlara nəzarət edilməsi ilə bağlı təklif irəli sürmüşdü. Əlbəttə ki, bu qəbul edilməz təklifdir. Bundan öncə də o orduların sərhədlərdən guya güzgü mexanizmi üzərə geri çəkilməsi təklif etmişdi. Sərhədlərin silahsızlaşdırılması və s. təkliflər irəli sürərək ardınca da iki gün öncə hücum etməmə haqqında pakt imzalanmasını təklif etdi. Bunlar diqqəti ümumi prosesdən yayındırmaq və sülh müqaviləsi üzrə aparılan işləri əngəlləmək məqsədilə ortaya atılan bir fikirlərdir. Bundan başqa bu terminlərlə manipulyasiya edərək guya beynəlxalq ictimai rəydə özünü sülhpərvər və Ermənistanın sülh tərəfdarı olduğunu göstərməyə çalışır. Təbii ki, Azərbaycan tərəfi buna artıq münasibət bildirib. Xüsusilə də Xarici İşlər Nazirliyinin verdiyi bəyanat kifayət qədər tutarlı bir cavabdır. Belə ki, Paşinyan və Ermənistan tərəfi başa düşməlidir ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün 5 baza prinsipini irəli sürüb. Bu baza prinsipləri beynəlxalq hüquqa və ədalət prinsiplərinə söykənir. Məhz Paşinyanın irəli sürdüyü qarşılıqlı surətdə ərazi bütövlüyünün tanınması ilə bağlı və gələcəkdə Ermənistan tərəfindən hansısa iddia irəli sürülməyəcəyiylə bağlı fikirləri, hücum etməmək haqqında pakt və s. Bunlar hamısı əslində Azərbaycanın irəli sürdüyü 5 baza təklifinin içərisində mövcuddur. Ermənistan Azərbaycanın irəli sürdüyü baza prinsiplərinin yalnız 3-nü qəbul edib. Bu da qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır, kommunikasiyanın açılması və sərhədlərin delimitasiyasıdır. Gələcəkdə də qarşılıqlı şəkildə ərazi iddiaları etməmək və güc tətbiq etməmək prinsipi ki, var bunlar qəbul edilməyib. Bu baxımdan diqqəti əsas proseslərdən yayındırmaq və bir formada vaxt udaraq sülh prosesini əngəlləmək, guya Ermənistan üçün əlverişli şəraitin yaranmasını gözləmək kimi niyyətlər var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31